BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Erdoğanı qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, Bilal Erdoğan Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını dövlət başçısına çatdırıb. İlham Əliyev də öz növbəsində salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını qardaş ölkənin dövlət başçısına çatdırmağı xahiş edib.
“Dünya Etnoidman Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti əldə olunmuş uğurlar münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı ölkəmizin Konfederasiyada fəal təmsil olunduğunu bildirərək, Azərbaycan idmançılarının bu qurumun yarışlarında uğurla iştirak etdiklərini dedi”, – deyə xəbərdə bildirilir.
O da qeyd edilir ki, “görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğu bir daha qeyd edildi, Azərbaycanın və Türkiyənin həmişə bir-birinin yanında olduğu vurğulandı”.