Son yeniləmə: 29 Avqust 2024 09:37
BAYRAQDAR MEDİA – “Təəssüflər olsun ki, Azərbaycana qarşı hədyan yağdıran, iftira atan Batıdakı bəzi şəxslər və dairələr bu çirkin əməllərindən əl çəkmirlər. Onlardan biri də almaniyalı deputat, siyasətçidən daha çox dələduz kimi tanınan Frank Şvabedir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, bu gün Frank Şvabe və onun kimi digər bir neçə qərəzli şəxsin Batının, Avropanın müxtəlif tribunalarında Azərbaycanı hədəfə alması, bizə qarşı iftira yağdırması heç də təsadüfi deyil: “O mənada ki, onlar bir tərəfdən Azərbaycana qarşı düşmənçiliklərini davam etdirirlərsə, digər tərəfdən də onları qidalandıran xaricdəki erməni lobbisinin tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Bu baxımdan Frank Şvabenın “Azadlıq Radiosunda” 23 avqust tarixində dərc edilmiş müsahibəsi də diqqətdən yayınmamalıdır”.
V.İskəndərovun sözlərinə görə, F.Şvabe müsahibə zamanı Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib: “Bu azmış kimi bu ünsür müsahibəsində Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib. Təbii ki, burada ilk olaraq ortaya “AŞPA niyə Azərbaycana qarşı ayrı-seçkilik nümayiş etdirir”, “Azərbaycan nümayəndə heyətinin mandatı niyə hələ də bərpa edilmir” kimi suallar çıxır. Lakin F.Şvabenin önə verilməsi, əslində bu suallara cavab vermiş olur. Yəni görünən odur ki, AŞPA, belə deyək, ruhunu erməni lobbisinə, erməniçiliyə təslim edib”.
Deputat sonda Frank Şvabeyə ABŞ-nin Nyu-Cersi ştatından olan ermənipərəst keçmiş senator Robert Menendesin siyasi taleyindən nəticə çıxarmağı da tövsiyə edib: “Mən Frank Şvabeyə ABŞ-nin Nyu-Cersi ştatından olan ermənipərəst keçmiş senator Robert Menendesin siyasi taleyini xatırlatmaq istərdim. R.Menendes də A.Şvabe kimi erməni pulu ilə qidalanıb Azərbaycana və türk dünyasına hədyanlar yağdırırdı. İndi isə həm istefa verib, həm də dərmir barmaqlılqlar arxasında oturacağı günü gözləyir”.