Son yeniləmə: 28 Avqust 2024 10:15
Nadir Azəri: Ballıqaya qətliamı düşmənin faşist, yırtıcı xislətini bir daha ortaya qoydu
BAYRAQDAR MEDİA – “Uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistan həm də Azərbaycan xalqına qarşı silsilə qanlı cinayətlər, soyqırımları törədib. Təkcə region üçün deyil, ümumilikdə dünya üçün də insanlıq faciəsi sayılan həmin cinayətlərdən biri də 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilib”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.
O, qeyd edib ki, həmin tarixdə daha bir amansız cinayət – Ballıqaya qətliamı törədilib: “Nəticədə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib ki, onların arasında da 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Ballıqaya qətliamı düşmənlərimizin faşist, yırtıcı xislətini bir daha ortaya qoydu. Belə ki, həmin vaxt öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib”.
Həmin vaxt ümumilikdə öldürülənlərin əksəriyyətinin uşaqlar, qadınlar və qocalar olduğunu deyən İctimai Birlik sədri əlavə edib ki, Ballıqaya faciəsi Qaradağlı, Xocalı, Ağdaban, Başlıbeldəki kütləvi qətl və soyqırımlarının davamı olub: “Elə 2020-ci idlə Vətən müharibəsi dövründə Gəncədə, Bərdədə dinc əhaliyə qarşı raket hücumları da bu qəbildəndir. Yəni düşmən zaman-zaman əlinə düşən ilk fürsətdə xalqımıza qarşı amansız qətliamlar, soyqırımları törədib. Lakin şükürlər olsun ki, Azərbaycan Ordusu digər faciələr kimi Ballıqaya faciəsinin də qisasını alıb. 44 günlük Vətən müharibəsində düşmənı sarsıdıcı zərbə endirilib, torpaqlarımız işğaldan azad edilib”.
Nadir Azəri onu da əlavə edib ki, indi Ermənistanın zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verməsinin vaxtı çatıb: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağı və buna görə Ermənistanın hüquqi müstəvidə də cavab verməyə məhkum ediləcəyini çıxışlarında dəfələrlə qeyd edib. Bir sözlə, düşmən və onun xarici havadarları bilsinlər ki, törədilən cinayətlərə görə mütləq cavab veriləcək”.