Press "Enter" to skip to content

İsraflı istehlak cəmiyyəti karbon emissiyasını artıran əsas səbəblərdən biridir

Rəşad Cabirli

Son yeniləmə: 29 Avqust 2024 16:20

Rəşad Cabirli: Bizlər “sən” və “mən” qəflətini aşıb “biz” şüuruyla hərəkət etməli, həmrəy olmalı, ekoloji çevrəmizi qorumalıyıq

BAYRAQDAR MEDİA – “Dünyanın ən dəyərli aktivi olan insan günümüzdə ehtiyacdan qat-qat çox istehlak etməyə davam edir. 1870-ci ildə başlayan ikinci sənaye inqlabı kütləvi istehsalın əsasını qoydu. 1969-cu ildə üçüncü, 2013-cü ildə başlayan dördüncü sənaye inqlabları kütləvi istehsala təkan verdi. Nəticədə həddindən israflı istehsala gətirib çıxardı və beləcə malların təklifi istehlak tələbini üstələdi. Nə etmək lazım idi? Tələbi artırmaq”.

Bu fikirlər “MÜSİAD Azərbaycan” İctimai Birliyinin İdarə heyətinin sədri Rəşad Cabirlinin məqaləsində öz əksini tapıb.

İstehlak xərclərini manipulyasiya etmək üçün planlaşdırılmış köhnəlmənin tətbiqinə başladılar

İctimai Birlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, məqalədə daha sonra deyilir: “Buna görə də istehsalçılar istehlak xərclərini manipulyasiya etmək üçün planlaşdırılmış köhnəlmənin tətbiqinə və reklamların istifadəsinə başladılar. Nəticədə bu israfçı istehlak cəmiyyətinə, konsumerizmə gətirib çıxardı. Konsumerizm (consumerism -istehlakçı) – daim artan miqdarda mal və xidmətlərin əldə edilməsini təşviq edən sosial və iqtisadi nizamdır”.

Müəllif yazır ki, 1929-cu ildə dünyada yaşanan iqtisadi böhran, klassik idarəetmədə insan faktoruna əhəmiyyətin verilməməsi, dəyişən cəmiyyət dəyərləri nəticəsində klassik idarəetmə 1930-cu ildə özünün pikinə çatdı, neo-klassik idarəetmənin başlanğıcı oldu: “Neo-klassik idarəetmədə insan qaynaqları ön plana çıxdı, cəmiyyətdə insanın tələbləri də manipulyasiya edilməyə başladı. Nəticədə mən deyərdim israflı istehsal başladı. II Dünya müharibəsindən sonra isə konsumerizm sürətlə inkişaf etdi. Günümüzdə də davam edən sistemli idarəetmə, reklam, planlanmış köhnəlmə, neyromarketinq və s. konsumerizmə rəvac verir”.

Bu gün üçüz (yaşıl, rəqəmsal, sosial) transformasiyanın əhəmiyyətini daha yaxşı anlamağa başlayırıq

Məqalədə, həmçinin “Bu gün əkiz (yaşıl, rəqəmsal) transoformasiya, üçüz (yaşıl, rəqəmsal, sosial) transformasiyanın əhəmiyyətini daha yaxşı anlamağa başlayırıq. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP29) ölkəmizdə keçirilməsi böyük hadisədir, xüsusi əhəmiyyət kəsb edir. Bəli, iqlim dəyişikliyinə səbəb olan karbon emissiyasının azaldılması, karbonun tutulması istiqamətində ciddi addımlar atılmalıdır. Eyni zamanda konsumerizmin, manipulyasiya ilə yaranmış kütləvi istehsal tələbinin qarşısı alınmalıdır ki, karbon ayaq izi azalsın” deyə qeyd edilir.

İsraf qlobal təhlükəyə gətirib çıxarır

Müəllifin ümumi qənaəti budur ki, “göstəriş, status nümayişi üçün olan hər şey israfa, israf da global təhlükəyə gətirib çıxarır. “Dərd yol göstərir”- deyib mütəfəkkir. Nə bilmək olar, bəlkə bu dərd sayəsində doğru yolu daha aydın görəcəyik?! Əgər dərdin dərd olduğunun fərqinə varsaq təbii ki… Bizlər “sən” və “mən” qəflətini aşıb “biz” şüuruyla hərəkət etməli, həmrəy olmalı, ekoloji çevrəmizi qorumalıyıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.