Son yeniləmə: 28 Avqust 2024 10:34
BAYRAQDAR MEDİA – 2018-2023-cü illər arasında beynəlxalq bazaya daxil olan jurnallarda Azərbaycan alimlərinə məxsus 8 min 668 tədqiqat işi dərc olunub və dünya miqyasında digər tədqiqatçılar tərəfindən bu məqalələrə 65,927 dəfə (məqalələrin təxminən 57,28 faizi) istinad edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.
Xəbərdə bildirilir ki, “sözügedən elmi məqalələrin 1 min 765-i yüksək keyfiyyəti ilə səciyyələnərək Q1 kvartilli jurnallarda dərc olunub. Məqalələrin 88-i yüksək istinadlı məqalə statusuna sahib olaraq öz elm sahələrində ən çox istinad edilən ilk 1 faiz arasındadır. Qeyd edək ki, əvvəllki illərlə müqayisədə 2023-cü ildə bazada Azərbaycana məxsus məqalə sayında da artım müşahidə olunub. 2022-ci ildə 309 məqalə dərc olunubsa, bu göstərici 2023-cü ildə 518-ə çatıb. Beynəlxalq əməkdaşlıq nəticəsində xarici həmmüəllifli məqalələr 2018-ci ildə ümumi məqalə sayının 44,87 faizini təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 55,45 faizə, 2024-cü ildə isə 68,3 faizə çatıb. Bu, Azərbaycan tədqiqatçılarının beynəlxalq tərəfdaşlarla əməkdaşlığa meylinin artdığını göstərir”.
Ümumilikdə, 2023-cü ildə tədqiqat məhsuldarlığında və keyfiyyətində artım müşahidə olunub və bu həm nəşrlərin ümumi sayında, həm də Q1 kvartilli jurnalarda dərc olunan işlərin sayında nəzərə çarpıb.