Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped-travmatoloqu Seymur Quliyev: “Osteoporozun profilaktikasında aktiv həyat tərzi, sağlam qidalanma və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur”
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped-travmatoloqu Seymur Quliyev osteoporoz xəstəliyi, müalicəsi və s. haqqında məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir: “S.Quliyev bildirib ki, osteoporoz sümüklərin quruluşunu təşkil edən kalsium və digər mineralların azalması zamanı yaranan sümük xəstəliyidir. Onun sözlərinə görə, osteoporozun (“porous bone”) hərfi mənası məsaməli (süngəri) sümük kimi tərcümə edilir və “sümük əriməsi” kimi başa düşülür. Sümük sərt olsa da, daxili strukturası süngəri xatırlayan bir quruluşa malikdir. Osteoporoz zamanı sümüyün strukturunu təşkil edən mineralların, xüsusən də kalsiumun itkisi yaranır. Bu da sümüyün məsaməli quruluşundakı dəliklərin böyüməsinə, sümüyün kütləsinin, gücünün azalmasına və sınıq riskinin artmasına gətirib çıxarır”.
Ortoped bu xəstəliyin əksər hallarda 50 yaşdan sonra başladığını, amma gənc yaşlarda da osteoporoz yarandığını deyib. O, buna səbəbin isə bir sıra xroniki xəstəliklər, fiziki aktivliyin az olması, qidada kalsiumun çatışmazlığının olduğunu qeyd edib.
S.Quliyev osteoporozlu xəstələrin diaqnostikasının necə aparıldığı haqqında danışarkən bildirib ki, rentgenoloji müayinə ilə sümüklərin osteoparotik olmasını və öz mineral sıxlığını 30 faizdən artıq itirdikdən sonra aşkar etmək olur: “Hazırkı dövrdə osteoporozun diaqnozunu təyin etmək üçün Densitometriyadan istifadə edilir. Densitometriya təkcə osteoporoz diaqnozu qoymağa deyil, həm də sümük toxumasının mineral sıxlığını 95-99% dəqiqliklə ölçməyə imkan verən rentgen müayinəsinin bir növüdür. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi Densitometriya osteoporozun olub-olmadığını müəyyən edir. Müayinə bel fəqərələrində və bud sümüyü boynunda aparılır”.
Travmatoloq xəstəliyin müalicəsi haqqında da məlumat verib: “Müalicəyə yanaşma xəstəliyin birincili ya ikincili yaranmasına görə dəyişir. İkincili yaranan osteporozlarda həm osteoparozun, həm də osteoporoza səbəb olan xəstəliyin müalicəsini aparmaq lazımdır. Osteoporozun profilaktikasında aktiv həyat tərzi, mikroelementlərlə zəngin, sağlam qidalanma, tütünçəkmədən imtina, alkoqol və kofein tərkibli içkilərdən uzaq olmaq tövsiyə olunur. Həmçinin, osteoparoza səbəb olan xəstəliklərin vaxtında aşkar olunub, düzgün müalicə olması məsləhət görülür”.