Son yeniləmə: 25 Avqust 2024 23:18
BAYRAQDAR MEDİA – “Ölkəmizdə demokratik seçkilərin keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi inkişaf etdirilir. Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər də bu demokratik seçki ənənəsinin növbəti əyani təzahürünə çevriləcək”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir İsmayılov (Nadir Azəri) deyib.
O bildirib ki, Azərbaycanda seçki prosesinin hüquqi bazası Konstitusiyada təsbit olunmuş müddəalara istinadən formalaşdırılıb: “Bütövlükdə respublikamızda demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi də paralel olaraq yüksək səviyyəsinə çatıb. Bu gün Azərbaycan vətəndaşlarının seçki prosesinin bütün mərhələlərinə aktiv marağı diqqəti cəlb edir. Bu, olduqca müsbət bir haldır. Sentyabrın 1-də keçiriləcək seçkilər qalib Azərbaycanın gələcək inkişafında yeni mərhələsinin başlanğıcı olacaq. Bu seçkilərə göstərilən maraq isə vətəndaşların dövlətin inkişafı prosesində yaxından iştirak etmə istəyinin bariz sübutudur. Seçki prosesi beynəlxalq miqyasda da diqqətlə izlənilir. Çoxsaylı xarici təşkilatların nümayəndələrinin müşahidəçi qismində seçkiləri izləmək üçün müraciət etməsi bu fikri təsdiq edir”.
N.Azəri onu da əlavə edib ki, vətəndaş cəmiyyəti institutları və media seçicilərlə maarifləndirmə işlərinin aparılması, seçki hüquqlarının izahı kimi məsələlərdə yaxından iştirak edir. O bildirib ki, seçkilərdə müşahidəçi kimi iştirak etmək istəyən şəxslərə, o cümlədən media nümayəndələrinə və QHT təmsilçilərinə seçki prosesini izləmək üçün lazım olan şərait yaradılıb: “Bütün bunlar Azərbaycan dövlətinin seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün yatratdığı imkanın bariz sübutudur”.