Press "Enter" to skip to content

Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi

Laçın Şəhəri Günü

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 avqust – Laçın Şəhəri Günü ikinci dəfə təntənə ilə qeyd olunur.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirlər. Şəhər günü Laçının dörd məkanında – Bayraq meydanı, “Lacinema” kinoteatrı, seyrəngah və Həkəri çayının sahilində gerçəkləşir. Bayraq meydanında təşkil edilən açılış mərasimində əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın Şəhəri Günü münasibəti ilə sakinləri və tədbir iştirakçılarını təbrik edib. Qeyd olunub ki, artıq ikinci dəfədir keçirilən Laçın Şəhəri Günü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunub”.

Sonra xəbərdə, “digər çıxış edənlər Laçının füsunkar təbiətindən söz açıb, bayram münasibəti ilə şəhər sakinlərinə xoş arzularını çatdırıblar. Tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tərəfindən vətənpərvərlik ruhlu musiqilər ifa edilib. Daha sonra hərbi orkestrin müşayiəti ilə tədbir iştirakçılarının “Lacinema” kinoteatrına yürüşü olub” deyə qeyd edilir.

Zəngin proqramı olan Laçın Şəhəri Günü rəngarəng tədbirlərlə gün ərzində davam edəcək.

Mission News Theme by Compete Themes.