Press "Enter" to skip to content

TƏBİB: Bakı şəhəri üzrə 65 minədək müraciət olub

Son yeniləmə: 23 Avqust 2024 10:46

BAYRAQDAR MEDİA – 2024-cü ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin “103” Çağrı xidmətinə Bakı şəhəri üzrə 64 814 çağırış daxil olub. Bu çağırışlara əsasən 57 min 776 nəfərə yerində ilk yardım təmin olunub, 6 min 956 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “gündəlik olaraq müraciət sayı təxminən 2 min 238 – 2 min 241 təşkil edib. Daxil olan çağırışlardan 4 min 295-i əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlər olub. Eyni zamanda 6 min 187 nəfərin çağırışı nəticəsiz (haqqında çağırış verilən şəxs yerində tapılmayıb, tibbi yardımdan imtina olunub və s.) olaraq qeydə alınıb. Çağırışlar daha çox arterial təzyiq, ürək-damar sistemi xəstəlikləri, səhhətdə yaranan ani pisləşmələr, müxtəlif növ travmalar və s. ilə bağlı olub”.

Məlumatda daha sonra deyilir: “Əsassız çağırışların sayının üstünlük təşkil etməsini nəzərə alaraq, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin hansı hallarda çağırışları icra etmədiyini bir daha xatırladırıq:

1. Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə prosedurlarının aparılması (inyeksiya, venadaxili infuziya (“sistemin köçürülməsi”), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi;

2. Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (EKQ çəkilməsi) aparılması;

3. Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi, təyin etdiyi tibb müəssisəsinə təxliyə olunması;

4. Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması;

5. Vəfat etmiş şəxsin daşınması;

6. Stomatoloji yardımın göstərilməsi;

7. Müayinə məqsədilə gündəlik olaraq şəkərin, arterial təzyiqin və saturasiyanın ölçülməsi və s”.

“Vurğulamaq istəyirik ki, təcili tibbi yardım fəaliyyətinin bilərəkdən əsassız olaraq məşğul edilməsi inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) müvafiq olaraq həmin şəxslər barədə cərimə tətbiqi də nəzərdə tutulur” deyə sonda qeyd edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.