Press "Enter" to skip to content

EsAzDer 14 yaşında

Son yeniləmə: 23 Avqust 2024 11:28

Cavid Aydının rəhbərlik etdiyi Dərnək qardaş Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları arasında fəallığı ilə seçilir

BAYRAQDAR MEDİA – Bu gün dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatları var. Azərbaycan haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması, o cümlədən ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, adət-ənənələrinin təbliği istiqamətində bu təşkilatların üzərinə mühüm vəzifələr düşür. Bəlli olduğu kimi 2020-ci ildə Ermənistanın əl atdığı növbəti təxribat zamanı, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın diaspor təşkilatları da imtahandan uğurla çıxdı. Bu gün isə həmin təşkilatlar öz fəaliyyətlərini yeni, postmüharibə dövrünün çağırışlarına uyğun quraraq atılan addımlara dəstək vermək üçün səy göstərirlər.

EsAzDer 14 yaşını qeyd edir
EsAzDer 14 yaşını qeyd edir

 

Bu məqamda qeyd edək ki, xaricdə öz fəaliyyəti ilə fərqlənən diaspor təşkilatlarımızdan biri də Eskişehir Azərbaycanlılar Dərnəyidir. (EsAzDer). Cavid Aydının rəhbərlik etdiyi EsAzDer öz fəaliyyətini bir çox istiqamətlərdə uğurla qurub və qardaş Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları arasında fəallığı ilə seçilir.

Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, üç universitetin fəaliyyət göstərdiyi Eskişehirdə yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Buna görə də Eskişehir Azərbaycanlılar Dərnəyi iki istiqamətdə daim çalışmaq zorundadır. Bu istiqamətlərdən biri orada daimi yaşayan azərbaycanlılarla əlaqələrin qurulması, digəri isə orada təhsil alan azərbaycanlı tələbələrin problemlərinin həllinə yardım göstərilməsidir. Məhz bu baxımdan da EsAzDer az qala bir konsulluq kimi gərgin iş rejimində çalışır.

Yeri gəlmişkən, avqustun 22-də Eskişehir Azərbaycanlılar Dərnəyinin yaranmasının 14-cü ili tamam oldu. Bu 14 illik fəaliyyət bir sıra istiqamətlər üzrə maraqlı və mühüm tədbirlərin keçirilməsi, layihələrin reallaşdırılması ilə yadda qalıb. Təbii ki, o tədbirlərin hər birini sadalasaq buna bəlkə də saatlar, günlər lazım olar. Lakin ümumiləşdirərək qeyd edək ki, EsAzDer 14 il ərzində müxtəlif bayram günləri də daxil, dəfələrlə mədəniyyət gecələri təşkil edərək Azərbaycan musiqisini, rəqsini və ədəbiyyatını tanıtmışdır.

Cavid Aydın Dərnəyin təşkil etdiyi Novruz şənliklərinin birində (Arxiv fotosu)
Cavid Aydın Dərnəyin təşkil etdiyi Novruz şənliklərinin birində (Arxiv fotosu)

Cavid Aydının BAYRAQDAR MEDİA-ya açıqlamasında da qeyd etdiyi kimi bu tədbirlərdə azərbaycanlı sənətçilər çıxış etmiş, milli rəqslər və mahnılar təqdim edilmişdir: “Eyni zamanda hər dönəm Azərbaycan Milli Günləri münasibətilə böyük tədbirlər və konferanslar keçirilmişdir. Bu tədbirlərdə Azərbaycan tarixi, mədəniyyəti və müstəqillik mübarizəsi haqqında məlumatlar verilmişdir”.

C.Aydın bildirib ki, Azərbaycanın başına gətirilən müsibətlər, soyqırımları barədə məlumatların Türkiyə ictimaiyyətinə çatdırılmaıs da Dərnəyin fəaliyyətində mühüm yer tutur: “Məsələn, Dərnək, Xocalı soyqırımı, 31 Mart Soyqırımı və 20 Yanvar faciələrini anmaq üçün xüsusi tədbirlər təşkil etmişdir. Bu tədbirlərdə faciələrin tarixçəsi, şahidlərin xatirələri və faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər müzakirə olunmuşdur. Dərnək, bu faciələri bütün Türkiyəyə və dünyaya tanıtmaq məqsədilə müxtəlif materiallar hazırlamış və yaymışdır. Həmçinin, Xocalı soyqırımı, 31 Mart Soyqırımı və 20 Yanvar faciələri ilə bağlı xüsusi sərgilər də keçirilmiş, bu faciələrin izlərini əks etdirən fotoşəkillər və sənədlər nümayiş olunmuşdur. Bundan başqa, Dərnək, ötən müddət ərzində Azərbaycan mədəniyyətinə aid sənət əsərləri, milli geyimlər və əl işlərini nümayiş etdirmək üçün müxtəlif sərgilər təşkil etmişdir”.

Qeyd olunub ki, EsAzDer tərəfindən mütəmadi olaraq Azərbaycan tarixi və mədəniyyəti mövzusunda bilik yarışmaları keçirilib: “Bu yarışmalar gənclər arasında geniş maraq doğurmuş və Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərin artırılmasına xidmət etmişdir. Yarışlarda qaliblərə kitablar, milli suvenirlər və digər hədiyyələr təqdim olunmuşdur”.

Nəhayət, hər həftənin çərşənbə günləri müxtəlif mövzularda seminarlar təşkil olunmuşdur ki, bunun da üzərində xüsusi durmaq vacibdir. Çünki “Çərşənbə Sohbətləri” adlanan bu seminarlar, iştirakçılara Azərbaycan mədəniyyəti və müxtəlif sosial mövzular haqqında məlumatlar təqdim edir. Özü də seminarlarda mütəmadi olaraq tanınmış şıxslər qonaq qismində iştirak və çıxış edirlər.

Bir sözlə, Dərnək rəhbərinin də qeyd etdiyi kimi, Eskişehir Azərbaycanlılar Dərnəyi bu kimi tədbirlərlə Azərbaycan mədəniyyətini yaymaq və Eskişehir cəmiyyətində Azərbaycanı tanıtmaq üçün əhəmiyyətli işlər görmüşdür.

Biz də Cavid Aydının şəxsində EsAzDer ailəsini təbrik edir, Azərbaycana, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığınn daha da güclənməsinə xidmət edən fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik.

Mission News Theme by Compete Themes.