Son yeniləmə: 22 Avqust 2024 12:57
BAYRAQDAR MEDİA – Şair Ramiz Qusarçaylının qələmə aldığı dərin məzmunlu və vətənpərvər ruhlu əsərləri poeziyamızda mühüm yerlərdən birini tutur. Təməli “Azərbaycan Bayrağı” şeiri ilə qoyulan “Vətən” poeması isə onun yaradıcılığına xüsusi önəm verir. Şairin təbirincə desək, “Vətən haqqında o qədər yazıblar ki! O qədər yazırlar ki! O qədər yazacaqlar ki!” Bəli, Vətən haqqında nə qədər yazılsa azdır.
Bu sözlər “MÜSİAD Azərbaycan” İş Adamları Cəmiyyətindən BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdə yer alıb.
Bildirilir ki, “Azərbaycan və İraq Türkmən Yazıçılar birliklərinin üzvü, AYB Quba bölməsinin sədri şair Ramiz Qusarçaylı “Vətən” poemasına görə bir sıra mükafatlara, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi “Əhməd Cavad” mükafatına, 2022-ci ildə isə İstanbulda keçirilən şeir festivalında “Vətən” poemasını, “Azərbaycan bayrağı” və “İstanbul” şeirlərini, türk dünyası qarşısındakı xidmətləri nəzərə alınaraq “Ziya Paşa mükafatı”na, Azərbaycan mədəniyyət nazirinin, Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin, AMEA-nın Fəxri Fərmanlarına layiq görülüb”.
O da qeyd edilir ki, Ramiz Qusarçaylı “Vətən” poemasının Türk dilində yenicə çapdan çıxmış “Vatan” kitabını ilk olaraq qardaş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcıya təqdim edib.
“Görüş zamanı Türkiyə və Azərbaycanın qədim və şərəfli tarixi, ortaq ədəbi əlaqələrimiz, ədəbiyyatımızın müasir mənzərələri barədə mülahizələr paylaşıldı, maraqlı fikir mübadilələri aparıldı. Türkiyə səfiri şairə ziyarətindən dolayı məmnunluğunu ifadə etdi, türk dünyası adına önəmli fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzuladı”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “Cahit Bağcı Ramiz Qusarçaylıya müəllifi olduğu “Yoxuşun uşaqları” kitabını hədiyyə etdi”.
Sonda şair səmimi qəbula görə səfirə, yaradıcılığına göstərilən diqqət və qayğıya görə İdarə Heyətinin sədri Rəşad Cabirlinin timsalında “MÜSİAD Azərbaycan”a təşəkkürünü bildirib.