BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin (SN) eksperti, infeksionist Təyyar Eyvazov koronavirus infeksiyası haqqında danışıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “T.Eyvazov bildirib: “Yeni koronavirus infeksiyası bildiyimiz kimi vaxtaşırı dalğalanmalar ilə təzahür edir. Hazırda istər bizə qonşu, istərsə də ABŞ-da və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar. Bu ölkələrdə yayılan Omikron ştamının alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayaraq əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar”.
Ekspert əlavə edib ki, Azərbaycanda vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir: “Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzarət olunandır. Bu infeksiyadan qorunma tədbirləri digər hava-damcı infeksiyaları zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir. Xüsusi olaraq risk qrupuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur”.