BAYRAQDAR MEDİA – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən növbəti məcburi köçkünlərə Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “mərasimdə qeyd edilib ki, Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı-mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. İxtisaslar Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib. Qısamüddətli kursların müddəti təlim proqramlarına uyğun olaraq 3 ay müddətində olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları ilk 10 həftədə nəzəri biliklər əldə edərək istehsalat təlimində iştirak edir, sonuncu iki həftədə isə istehsalat təcrübəsinə cəlb olunurlar. Adıçəkilən kurslar geri qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır”.
Bildirək ki, təlimləri uğurla bitirən 84 məcburi köçkündən 36 nəfəri artıq işlə təmin edilib.
Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda 8 peşə təhsil müəssisəsinin qurulması, o cümlədən 5 min nəfərin qısamüddətli, 1 min nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.