Son yeniləmə: 20 Avqust 2024 15:59
Şəhla ASLAN – Gazi Universitetinin (Ankara) təhsil araşdırmaları üzrə doktorantı. Özəl olaraq BAYRAQDAR MEDİA üçün.
BAYRAQDAR MEDİA – Türkiyə – Azərbaycan Universitetinin fəaliyyətə başlaması ilə bağlı mediada gedən xəbər hər iki ölkədə sevinclə qarşılandı. Lakin bu ali təhsil ocağı ilə bağlı bəzi gözləntilər var ki, onların bir qismi haqqında BAYRAQDAR MEDİA üçün yazdığım özəl yazıda bəhs etmək istəyirəm.
Əvvəla, Türkiyə – Azərbaycan Universiteti gözlədiyim kimi, hazırda tam olaraq reallaşmayıb. Yəni Universitetin formatı tam aydın deyil. Mediada bu ali təhsil ocağında Türkiyənin bir neçə universiteti ilə əməkdaşlıq çərçivəsində bir neçə ixtisasın tədris olunacağına dair xəbərlər paylaşılır, amma bu, mənim gözlədiyimdən tamamilə fərqlidir. Tamamilə yeni bir format; iki ölkə arasında təhsil və mədəniyyət körpüsü rolunu oynayacaq bir universitet gözlənilirdi. Hazırda isə Universitetdə yalnız bir neçə mühəndislik ixtisası mövcuddur və bu, fəaliyyəti yekunlaşdırır (gələcək fəaliyyətə dair əlavə məlumat paylaşılmır).
Türkiyə – Azərbaycan Universitetində tədrisin yalnız ingilis dilində aparılması da başqa bir gözlənilməz qərar oldu. Aydındır ki, bu yanaşma tələbələrin beynəlxalq səviyyədə rəqabət aparmaq üçün lazım olan dil və elmi bacarıqlarını inkişaf etdirməyə yönəldilmişdir. Yəni ingilis dili qlobal elmi tədqiqatların və texnologiyanın əsas dili olduğundan bu yanaşma tələbələrə qlobal elmi ədəbiyyata çıxış, beynəlxalq jurnallarda nəşr imkanları və beynəlxalq layihələrdə iştirak şansı yarada bilər. Lakin ingilis dilində tədris eyni zamanda bəzi çətinliklər də yaradacaq. Bu səbəbdən Universitetin tələbələrə ciddi şəkildə dil hazırlığı və dəstək proqramları təqdim etməsi vacibdir.
Eyni zamanda hesab edirəm ki, ingilis dilində tədris milli dil və mədəniyyətin təhsil prosesində ikinci plana düşməsi ilə bağlı narahatlıqlar yarada bilər. Milli dil bir xalqın varlığının və kimliyinin əsas göstəricilərindən biridir. Tədrisin ingilis dilində aparılması tələbələrin qlobal dünyaya uyğunlaşmasına kömək etsə də milli dilin gündəlik istifadə sahəsinin daralmasına səbəb ola bilər. Bu vəziyyət tələbələrin milli dəyərlərdən uzaqlaşması riskini artırır. Buna görə də Universitet tədris prosesində həm türk, həm də Azərbaycan dillərinə və mədəniyyətlərinə xüsusi diqqət yetirməli idi.
Hesab edirəm ki, Türkiyə – Azərbaycan Universiteti həm ingilis dilində tədris vasitəsilə tələbələri qlobal rəqabətə hazırlamalı, həm də türk və Azərbaycan dillərində tədris və mədəniyyət dərslərini inteqrasiya etməlidir. Bu yanaşma tələbələrin həm beynəlxalq səviyyədə rəqabət apara bilmələrini, həm də milli dəyərləri qoruyub saxlamalarını təmin edəcək. Məsələn, bəzi ixtisaslar üzrə dərslərin türk və ya Azərbaycan dillərində keçirilməsi və milli tarix, ədəbiyyat və mədəniyyətlə bağlı xüsusi kursların tədris proqramına daxil edilməsi bu balansı təmin edə bilər.
Bundan əlavə Universitet tələbələrə mədəniyyətin qorunub saxlanılmasını praktiki şəkildə öyrətməli və onlara milli mədəniyyətin müxtəlif aspektlərini təcrübədən keçirmələri üçün imkanlar yaratmalıdır. Milli bayramlar, ədəbiyyat festivalları, musiqi və rəqs tədbirləri kimi mədəniyyət fəaliyyətləri tələbələrin milli kimliyini gücləndirə bilər. Bu universitetin yaranmasındakı hədəflərdən biri də bu deyilmi?!..