Son yeniləmə: 20 Avqust 2024 10:33
BAYRAQADR MEDİA – Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək.
Bu barədə DİM-in məlumatında qeyd edilib.
Bildirilib ki, “imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərin məlumatları təqdim olunub. İmtahanda iştirak etmək istəyən sürücülər 21 avqust saat 10:00-dək qeydiyyatdan keçməlidirlər”.
Məlumata görə, imtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalıdır. Həmçinin göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
Məlumatda deyilir ki, imtahanda iştirak ödənişlidir: “Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər”.