Son yeniləmə: 20 Avqust 2024 11:47
BAYRAQDAR MEDİA – İran Futbol Federasiyasının prezidenti Mehdi Tac Güney Azərbaycan türklərinin təmsilçisi Traktor Təbriz klubundan üzr istəyib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, Federasiya prezidenti etiraf edib ki, 2015-ci ilin mayında İran futbol çempionatının final oyunu zamanı “Traktor Təbriz”in çempion olmasına mane olub: “2015-ci ildə sonuncu turdan əvvəl turnir cədvəlinin lideri olan “Traktör Təbriz”lə Tehranın “Neft” komandası arasında keçirilən görüş 3:3 hesablı heç-heçə ilə başa çatmışdı. Matçın son dəqiqələrində verilən yanlış məlumatlar nəticəsində özünü çempion elan edən Güney Azərbaycan təmsilçisi yalnız hesabı saxlamaqla oyunu başa vurmağa çalışıb. “Saypa” və “Sepahan” komandaları arasında eyni vaxtda keçirilən oyunun nəticəsi hər şeyi dəyişib. “Sepahan” “Saypa”nı 2:0 hesabı ilə məğlub edərək İran çempionu olub”.
Məlumata əsasən, həmin gün “Traktör Təbriz” – “Neft” matçının keçirildiyi stadionda internet və telefon şəbəkələri kəsilib, hakimlər “Traktör Təbriz” komandasına qarşı bilərəkdən yanlış qərarlar veriblər. “Traktor Təbriz”in çempionluğu əngəlləmək üçün atılan bu addımlar sui-qəsd kimi qiymətləndirilir.