BAYRAQDAR MEDİA – Bağdadda türkmən və ərəb icmalarının aparıcı nümayəndələri İraqın keçmiş baş naziri, Hüquq Dövləti Koalisiyasının sədri Nuri əl-Maliki ilə görüşüb.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, toplantıya İraq Türkmən Cəbhəsinin sədri, Birləşmiş İraq Türkmən Siyahısı lideri Hasan Turan və Kərkük Ərəb Alyansının sədri Rakan Səid əl-Cuburi sədrlik edib: “Görüşdə İraq Türkmən İslam Birliyinin baş katibi Casim Muhammed Cafer və Birliyin aparıcı simalarından olan Əmir əl-Beyati də iştirak edib. Görüş zamanı İraqın ümumi vəziyyəti, tərəfdaşlıq və sabitliyin əhəmiyyəti, hökumətin fəaliyyətinin yaxşılaşdırılması və xalqa daha yaxşı xidmət göstərilməsi müzakirə edilib”. Məlumatda deyilir ki, tərəflər Kərkükdə sonuncu yerli hökumətin formalaşması zamanı yaşanan konstitusiya və hüquqi pozuntuları müzakirə ediblər: “Xüsusilə türkmənlərin, bəzi ərəblərin və Kürdüstan Demokrat Partiyasının xaric edilməsi ilə formalaşan bu prosesdə ədalətin təmin olunmasının vacibliyi vurğulanıb.
Həmçinin Kərkük əhalisinin gözləntilərini qarşılayacaq bir idarəetmə strukturunun yaradılması üçün dialoq və əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirilib. Görüşün sonunda milli qazancların qorunması, dialoq və tərəfdaşlığın gücləndirilməsi, bütün tərəflərin hüquqlarına hörmətlə yanaşılması razılaşdırılıb.