Son yeniləmə: 19 Avqust 2024 14:54
Keçmişi və müasirliyi özündə birləşdirən İzmir hər zaman turistlərin diqqətini çəkir
BAYRAQDAR MEDİA – Qardaş Türkiyə bütövlükdə turizm üçün ideal ölkələrdən biridir. Təbii ki, burada İzmirin yeri bir başqadır. Çünki İzmir şəhəri, Türkiyənin Egey bölgəsində yerləşən, həm tarixi, həm də müasir cəhətləri ilə turistlərin diqqətini çəkən bir məkandır.
Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansından (TGA) BAYRAQDAR MEDİA-ya avqustun 19-da verilən məlumatda qeyd edilir ki, şəhərin zəngin mədəni irsi, cazibədar təbiəti və canlı sosial həyatı, İzmirin turizm sektorunun inkişafında mühüm rol oynayır. İzmir, müxtəlif maraq dairələrinə sahib turistlər üçün geniş imkanlar təqdim edir, bu səbəblə də şəhər, Türkiyənin ən çox ziyarət edilən yerlərindən biridir.
Qədim tarixlə zəngin mədəniyyətin qovuşduğu şəhər
Məlumatda bildirilir ki, İzmirin turizmdəki ən böyük cazibələrindən biri, şəhərin zəngin tarixi və mədəniyyətidir: “İzmirin mərkəzində yerləşən Konak Meydanı, şəhərin tarixi və mədəni abidələrinin cəmləşdiyi bir bölgədir. Şəhərin rəmzlərindən biri olan19-cu əsrə aid Saat Qülləsi də məhz bu meydanda yerləşir”.
İzmirdə turistlərin ən çox maraq gösətərdiyi yerlərdən biri də Kemeraltı bazarıdır. Bura, İzmirin tarixini və ticarət ənənələrini əks etdirən, hər gün minlərlə insanın ziyarət etdiyi tarixi bir ticarət mərkəzidir.
Məlumata əsasən, burada qədim dövrlərdən qalan dükkanlarda alış-veriş etmək, həmçinin yerli mətbəx məhsullarını dadmaq mümkündür: “Şəhərin müxtəlif muzeyləri, məsələn, İzmir Arxeoloji Muzeyi və Atatürk Muzeyi, ziyarətçilərə İzmirin tarixi haqqında dərin məlumat təqdim edir”.
Turistlər üçün ideal dincəlmə və əyləncə yerləri
İzmiri turistlər üçün cəlbedici edən həm də onun təbiəti, təbiii gözəllikləridir. Əbəs yerə demirlər ki, təbii gözəllikləri İzmirin turistik cazibəsinin digər əsas hissəsidir.
TGA-nın məlumatında vurğulanır ki, şəhərin Egey dənizi ilə üzbəüz olan sahil xətti müasir plajlar və gözəl dəniz mənzərələri ilə zəngindir: “Çeşmə, Alaçatı və Urla kimi məşhur kurort bölgələri, turistlər üçün ideal dincəlmə və əyləncə yerləri təqdim edir. Çeşmənin mavi bayraqlı plajları və Alaçatının tarixi evləri ilə bəzədilmiş küçələri, hər il minlərlə turistin cəlb edildiyi məkandır.İzmirin yaxınlığında yerləşən Sığacık qəsəbəsi isə, xaotik yaşamdan uzaqolub, turistlərə daha sakit və orijinal bir atmosfer təqdim edir”.
Rəngarəng festivallar, vazkeçilməz türk mətbəxi
İzmir, canlı sosial həyatı və müxtəlif mədəni tədbirləri ilə də tanınır: “Şəhərdə keçirilən festivallar, konsertlər və sərgilər, turistlərin şəhərdə keçirdiyi vaxtı daha da rəngarəng edir. İzmirin ən məşhur festivallarından biri, hər il yaz aylarında keçirilən İzmir Xalq Festivallarıdır. Bu festivalda, müxtəlif musiqi növləri, rəqs performansları və sənət sərgiləri təqdim edilir”.
Eyni zamanda, İzmirin restoranları və kafeləri, ziyarətçilərə geniş çeşidlikulinariyamədəniyyəti təqdim edir: “Şəhərin dəniz məhsulları ilə zəngin olan restoranları, həmçinin ənənəvi türk mətbəxini təklif edən məkanları, turistlərin zövqünü oxşayacaq müxtəlif yemək təcrübələri ilə xidmət göstərir”.
Həm əylən, həm öyrən
İzmiri istirahət üçün seçən turistlər təkcə əylənmək üçün deyil, həm də öyrənmək üçün imkanlar əldə edə bilər.
Yenə də TGA-nın məlumatında istinad edək: “İzmir, yalnız turizm deyil, həm də təhsil baxımından önəmli bir şəhərdir. Şəhərdə yerləşən universitetlər, xüsusilə Egey Universiteti və İzmir Yüksek Teknoloji İnstitutu, beynəlxalq tələbələr üçün təhsil imkanları təqdim edir. Bu təhsil müəssisələri, turistlərə həm akademik, həm də mədəni tədbirlərdə iştirak etmək imkanı tanıyır”.
Bir sözlə, bütün buları oxuduqdan sonra geriyə bircə addım atmaq qalır- Bilet alıb, İzmirə yollanmaq.