Press "Enter" to skip to content

Şəhid ocağına yaddaqalan səfər

Şəhid Kənan Ömərlinin ata ocağı

Son yeniləmə: 17 Avqust 2024 09:47

Ülkər Əzizova: Körpələr Azərbaycanın qəhrəman vətən oğullarını tanımalı, şanlı tariximizi elə kiçik yaşlarından öyrənməlidirlər

BAYRAQDAR MEDİA – 2020-ci il 44 günlük Vətən müharibəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə türk dünyası üçün şanlı bir zəfərlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqları işğaldan azad etdi. Həmin müharibədə minlərlə igid Azərbaycan övladı torpaq, vətən, bayraq uğrunda şəhid və qazi oldular. Onlardan biri də Agdam uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Ömərli Kənan Elxan oğludur.

Məlumat üçün bildirək ki, ailənin sonbeşiyi olan Kənan Ömərli 1999-cu il martın 8-də Göyçay rayonu Cəyirli kəndində anadan olub. 2018-ci ilin iyununda həqiqi hərbi xidmətə çağrılıb, Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində xidmət keçib. 2020-ci ilin yanvarında hərbidən tərxis olunub. Kənan Ömərli Gəncə Texnologiya Universitetinə qəbul olmasına baxmayaraq, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmək üçün döyüşə yollanıb. Oktyabrın 6-da Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan Kənan Göyçay rayonunun Cəyirli kəndində torpağa tapşırılıb.

Görüşdən xatirə fotosu
Görüşdən xatirə fotosu

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Kənan Ömərli hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidin məzarı başında
Şəhidin məzarı başında

Bu məqamda xüsusi olaraq vurğulayaq ki, Azərbaycan dövləti və xalqı şəhidlərin əziz xatirəsini daim uca tutur, şəhid ailələrinə və qazilərə xüsusi ehtiramla yanaşır. Elə Bakıda fəaliyyət göstərən Lore Kids uşaq baxçasının bu günlərdə Göyçay rayonunun Cəyirli kəndinə səfəri, səfər zamanı müşahidə etdiyimiz təsirli və yaddaqalan məqamlar da bu ehtiramın daha bir nümunəsi idi.

Əsas amal gələcəyimiz olan körpələri vətənpərvərlik ruhunda yetişdirməkdir

Bakıdan Göyçaya gedərkən yolboyu söhbət etdiyimiz baxçanın müdiri Ülkər Əzizova dedi ki, rəhbərlik etdiyi müəssisənin fəaliyyətində ana prinsiplərdən biri gələcəyimiz olan körpələri vətənpərvərlik ruhunda yetişdirməkdir: “Azərbaycan Prezidenti İlham Əliyev yeni nəslin vətənpərvər ruhda böyüməsinə mühüm önəm verir. Dövlət başçısı bəyan edib ki, müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Təbii ki, vətənpərvər, dövlətinə və bayrağına sadiq yeni nəslin yetişdirilməsi bizlərin də qarşısında duran mühüm vəzifələrdən biri, mən deyərdim ki, birincisidir. Biz də Lore Kids uşaq baxçası olaraq bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün gecə-gündüz çalışırq. Bu məqsədlə baxçanın körpələrini şəhid və qazi ailələri ilə tanış etmək üçün xüsusi bir proqram reallaşdırırıq. Bu səfər də həmin proqram çərçivəsində reallaşır. Hesab edirik ki, körpələr Azərbaycanın qəhrəman vətən oğullarını tanımalı, şanlı tariximizi elə kiçik yaşlarından öyrənməlidirlər”.

Ülkər Əzizova (soldan ikinci) deyir ki, gələcək nəsil körpə yaşlarından vətənpərvər ruhda tərbiyə olunmalıdır
Ülkər Əzizova (soldan ikinci) deyir ki, gələcək nəsil körpə yaşlarından vətənpərvər ruhda tərbiyə olunmalıdır

Onu da vurğulamağı özümə borc bilirəm ki, Ülkər xanımın və komandasının əməyi boşa getmir. Hər halda yolboyu müşahidə etdiklərim məni bu qənaətə gətirdi. Körpələr tez-tez şəhid, Azərbaycan və bayraq haqqında şeirlər deyir, səbrsizliklə şəhid evinə çatmağı arzulayırdılar. Elə bu əhval-ruhiyyə ilə də mənzil başına çatırıq.

Bu gün vətənpərvər ruhda böyüyən bu körpələr sabahın Mübarizləri, Xudayarları, Kənanlarıdır

Şəhidin doğulub boya-başa çatdığı Çəyirli kəndində, Ömərli ailəsinin evinin önündə bizi həm ailə üzvləri, həm də kənddə olan digər şəhid ailələri qarşılayır.

Bakıdan gedən qonaqlar və Cəyilri kəndinin şəhid anaları
Bakıdan gedən qonaqlar və Cəyilri kəndinin şəhid anaları

Xatirə fotosundan sonra içəri keçirik. Körplərin şeirləri kövrək anlar yaradır. Hər kəs həm hüznlü, həm də qürurlu görünür. Hüznlü ona görə ki, şəhidlərin xatirəsi bir daha anılır, qürurlu ona görə ki, ölkəmizin gələcəyi də əmin əllərdə olacaq. Bu gün vətənpərvər ruhda böyüyən bu körpələr sabahın Mübarizləri, Xudayarları, Kənanlarıdır.

Zimnayə Səmədova: Kənan körpəlikdən qorxmaz, mərd, həmçinin vətəninə, bayrağına bağlı idi

Bu əhval-ruhiyyə fonunda şəhid haqqında onun doğmaları və yaxınları ilə söhbət etdik. İlk həmsöhbət olduğumuz Lore Kidsin filial rəhbəri və şəhidin xalası qızı Zimnayə Səmədova Kənanın uşaqlıq dövründən bəhs etdi.

Şəkildə arxada Zimnayə Səmədova. Öndə soldan sağa şəhid Kənan Ömərlinin atası Elxan dayı, Nadir Azəri, Ülkər Əzizova və şəhidin anası Məxluqə Ömərova
Şəkildə arxada Zimnayə Səmədova. Öndə soldan sağa şəhid Kənan Ömərlinin atası Elxan dayı, Nadir Azəri, Ülkər Əzizova və şəhidin anası Məxluqə Ömərova

Zimnayə xanım dedi ki, Kənan uşaqlıqdan qorxmaz, mərd, həmçinin vətəninə, bayrağına bağlı uşaq idi: “Tovuz hadisələrindən öncə televiziyada Mübariz İbrahimov haqqında gedən bir verilişə baxarkən anasını çağırıb “Ana, bax, mən də belə şəhid olacam”, demişdi. Onu da deyim ki, Kənan Tovuz hadisələri zamanı adını könüllü olaraq yazdırmış, hərbi səfərbərlik çağırışı ilə sentyabrın 29-u cəbhəyə yollanmışdı”.

Məxluqə Ömərova: İnanıram ki, şəhid balalarımızın ruhu hazırda azad Qarabağda dolaşır

Şəhidin anası Məxluqə Ömərova isə bildirdi ki, Kənan ailənin sonbeşik övladı idi: “Kənan 10 ay idi ki, hərbi xidməti bitirib gəlmişdi. Hələ hərbi xidmətdə olanda bizə komandirlər tərəfindən təşəkkürnamələr gəlirdi. Nümunəvi idi xidmətində. Hərbidə qalmaq istəyirdi. Kənan tez-tez deyirdi ki, “şəhid olacam”. Hamı ilə halallaşırdı. Kimi görürdü, halallıq istəyirdi Kənan. Müharibə başlayanda ona çağırış gəlmirdi deyə səbirsizlənirdi. Gözlədiyi mesaj 2020-ci il sentyabrın 29-da gəldi və o vaxt Kənan telefonunda “Gözlədiyim an gəldi” deyə yazı da yazmışdı. Bizimlə sağollaşanda isə son sözü “şəhid olacam” oldu”.

Gələcəyin qəhrəmanları
Gələcəyin qəhrəmanları

Ana onu da dedi ki, oğlu şəhid olandan sonra sanki həyat onun üçün dayanıb, mənasız olub: “Ömər şəhid olandan sonra mənim üçün həyatın dadı-duzu qaçıb. Ümumiyyətlə yaşamaq mənə sanki mənasız gəlir. Ömərdən sonra ad günləri də, digər mərasimlər də bizim üçün heç bir anlam kəsb etmir. Gücümüz ancaq ağlamağa çatır. Atası da, mən də baş-başa verib ağlayırıq. Amma təsəllimiz də var. Təsəllimiz var ki, Ömər və onun kimi minlərlə şəhidin qanı hədər getmədi. Bu gün torpaqlarımız düşmən tapdağından azad edilib və inanıram ki, o şəhid balalarımızın ruhu hazırda azad Qarabağda dolaşır. Biz də bu xatirəni yaşatmalıyıq və onun ruhunu şad etməliyik”.

Məxluqə ana “Həm də gələcək nəsillərə Ömərin və Ömər kimi digər qəhrəman vətən övladlarının hansı şücaət göstərdiyini anlatmalıyıq. Mən bu baxımdan Ülkər xanımın rəhbərlik etdiyi baxçanın təşəbbüsünü, bu görüşü yüksək dəyərləndirirəm” deyə əlavə etdi.

Elxan Ömərov: Balam şəhid olmaqla ən böyük və müqəddəs arzusuna çatdı

Atası Elxan dayı da Kənanın torpağa bağlılığından söz açdı: “Kənan körpəlikdən döyüşmək, şəhid olmaq ruhunda idi. Yadımdadır hərbi xidmətə çağırış gələndə gedib xahiş etmişdi ki, məni Qarabağa salın. Bir sözlə, balam, şəhid olmaqla ən böyük və müqəddəs arzusuna çatdı”.

Eldəniz Rüstəmov: Şəhid və qazilərdən yazarkən həssas yanaşma sərgilənməlidir

Beləcə, acılı-şirinli xatirələrlə zəngin bir görüşə yekun vururuq. Həm görüşə, həm də yazıya yekunu isə ziyarət zamanı bizləri tək qoymayan Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmovun sözləri, daha doğrusu çağırışı ilə yekun vururuq. Xatırladaq ki, Eldəniz Rüstəmov Kəlbəcər rayonundan olan l Qarabağ müharibəsi şəhidi Vilayət Rüstəmovun oğludur.

Eldəniz Rüstəmov (ortada)
Eldəniz Rüstəmov (ortada)

Eldəniz Rüstəmov öncə onu dedi ki bu gün şəhid ailələrinə, qazilərə dövlət qayğısı var: “Göyçay rayonunda da biz bunu əyani olaraq görürük. Şəhid ailələrinə və qazilərə diqqət yüksək şəkildə təşkil olunub. Eyni zamanda media da hər zaman bu məsələni diqqətdə saxlayır. Lakin bəzən bəzi media təmsilçiləri şəhid və qazilərlə bağlı yazılarda sensasiya dalınca qaçırlar. Bu cür addımlar heç də uğur gətirmir. Şəhid və qazilərdən yazarkən həssas yanaşma sərgilənməlidir”.

Məxluqə Ömərova (solda) və Ülkər Əzizova
Məxluqə Ömərova (solda) və Ülkər Əzizova

Mission News Theme by Compete Themes.