Son yeniləmə: 16 Avqust 2024 10:13
Avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək
BAYRAQDAR MEDİA – Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya İri Şəhərlərin Birləşmiş Su TəchizatıXidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir. Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakısu kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.