Press "Enter" to skip to content

Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq

Görüş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən daxil olub.

Xəbərdə deyilir ki, “Agentlik ilə Belarusun Respublika Peşə Təhsili İnstitutu (RİPO) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində RİPO-nun direktoru Valeriy Qolubovskiy Azərbaycana səfər edib. Səfər çərçivəsində 15 avqust 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində rəsmi görüş keçirilib. Görüşdə Azərbaycan və Belarus arasında 2024-2025-ci illəri əhatə edən fəaliyyət planı müzakirə olunub. İki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq imkanları və bu sahədə təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb”.

Daha sonra xəbərdə qeyd olunur ki, “görüş zamanı qida məhsullarının istehsalı və alternativ enerji qurğu və avadanlıqlarının istismarı üzrə ixtisasların müəyyənləşdirilməsi, həmçinin müvafiq kadr hazırlığı aparılan müəssisələrin təyin edilməsi mövzuları müzakirə edilib. Belarusun bu sahədəki təcrübəsindən yararlanmaq məqsədi ilə mühəndis-pedaqoji və inzibati idarəetmə heyətinin qarşılıqlı təcrübə mübadiləsində iştirak etməsi nəzərdən keçirilib. Görüşün davamında Belarusun peşə təhsili sisteminin ümumi strukturu, təsnifatın formalaşması və peşə təhsilinin idarə edilməsində müvafiq nazirliklərin rolu ilə bağlı ətraflı müzakirələr aparılıb. Görüş nəticəsində prioritet istiqamətlər üzrə əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret addımlar atılması qərara alınıb”.

Xəbərdə həmçinin, “səfər çərçivəsində V.Qolubovskiy Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən infoturda iştirak edib. Burada V.Qolubovskiy tərəfindən “Belarus Respublikasında Peşə Təhsili: yanaşmalar və nailiyyətlər” mövzusunda seminar təşkil edilib. Seminarda Belarusda peşə təhsilinin inkişafı və əməkdaşlıq prinsipləri haqqında məlumat verilib. Səfərin sonunda nümayəndənin Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzlərinə ziyarətləri təşkil edilib” deyə bildirilir.

Qeyd edək ki, bu səfər Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində təcrübə paylaşımı və gələcək əməkdaşlıq layihələri üçün möhkəm baza yaratmaq məqsədi ilə həyata keçirilib.

Mission News Theme by Compete Themes.