Son yeniləmə: 16 Avqust 2024 13:50
BAYRAQDAR MEDİA – Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası başa çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələri daxil edilib. Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, qanun layihəsi 14 avqust 2024-cü il tarixdə birinci oxunuşda müzakirə edilib, söylənilmiş təklif nəzərə alınmaqla onun üzərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul edilib. Layihənin birinci oxunuşunda verilmiş təklifə Ali Məclisin İqtisadi siyasət komitəsi tərəfindən baxılıb, müzakirənin nəticəsi olaraq layihənin yenilənmiş variantda sonrakı oxunuşlar üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb”.
Məlumata görə, Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihəsinin müzakirəsi ilə əlaqədar məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb. Sonra “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran növbəti məsələ – “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib. O, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb, qanun səsə qoyularaq qəbul olunub.
Sonda Ali Məclisdə deputat kimi çalışıb fəaliyyət göstərməkdən hər zaman qürur hissi keçirdiyini deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iclas iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Ali Məclisdə çalışmaq qürurvericidir. Çünki bu məclisdə Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın təməl daşlarını atıb.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.