Son yeniləmə: 14 Avqust 2024 15:17
Beynəlxalq Dostluq Gününə həsr olunmuş nüfuzlu beynəlxalq liderlik müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
BAYRAQDAR MEDİA – Türkiyənin Anadolu Dövlət Universitetində Beynəlxalq Dostluq Gününə həsr olunmuş nüfuzlu beynəlxalq liderlik müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 14-də Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatorluğundan məlumat verilib.
Məlumata görə, onlayn formatda keçirilən mərasimdə Anadolu Universitetinin rektoru Prof. Dr.Fuat Erdal, Universitetin professor-müəllim heyəti, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru-Mükafatlandırma Komitəsinin sədri Azər Hətəmov və komitə üzvləri, mükafatçılar, tələbələr, o cümlədən Azərbaycanın və Türkiyənin media nümayəndələri iştirak edib.
Azər Hətəmov: Bu tədbir xüsusilə əlamətdar oldu
Mərasimi giriş nitqi ilə açan Azər Hətəmov bu beynəlxalq müsabiqənin əhəmiyyətindən bəhs edib.
O, bildirib ki, Beynəlxalq Liderlik Müsabiqəsi müxtəlif sahələr üzrə müstəsna xidmətlər göstərmiş, liderlik nümayiş etdirmiş peşəkarları qiymətləndirir və onlara mükafatlar təqdim edir: “Bu ilki tədbir beynəlxalq əməkdaşlığın gücünü və sərhədləri,habelə mədəniyyətləri aşan davamlı dostluq bağlarını qeyd etdiyi üçün xüsusilə əlamətdar oldu”.
Prof. Dr. Ali Resül Usul: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər digər dövlətlərə bir örnəkdir
Sonra tədbir iştirakçılarını salamlayan Anadolu Universitetinin Açıköğretim Fakültəsi dekanı Prof. Dr. Ali Resül Usul müsabiqənin əhəmiyyətini qeyd edib.
O, Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinin digər dövlətlərə və onların rəhbərlərinə bir örnək olduğunu bildirib.
Prof. Dr. Fuat Erdal: Ticarət əlaqələrimiz günü-gündən güclənərkən, akademik əməkdaşlığımız gələcəyin alimlərini, liderlərini və novatorlarını yetişdirməkdə davam edir
Tədbirdə çıxış edən Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal qlobal birliyin və anlaşmanın gücləndirilməsində liderliyin əhəmiyyətli rolunu vurğulayıb: “Türkiyə və Azərbaycan mədəni sərvətləri ilə bir-birini qidalandıran, sosial həmrəyliyi ilə bir-birini gücləndirən, strateji tərəfdaşlıqları ilə regional sabitliyə töhfə verən iki qardaş dövlətdir. Ticarət əlaqələrimiz günü-gündən güclənərkən, akademik əməkdaşlığımız gələcəyin alimlərini, liderlərini və novatorlarını yetişdirməkdə davam edir. Bu dərin əlaqələr təkcə bu günü deyil, gələcəyi də formalaşdıracaq, hər iki ölkənin firavanlığına və inkişafına xidmət edəcəkdir”.
Məlumata əsasən, sonra rektor Fuat Erdal Beynəlxq Müsabiqənin müvafiq nominasiyaları üzrə qaliblərini tədbir iştirakçılarına elan edib: “Bəlli olub ki, 5 iyul 2024-cü il tarixindən etibarən başlanmış Müsabiqədə Qlobal Liderlik və İdarəçilik, Lider İş Adamı, Sülh Lideri, və İnnovasiyalar üzrə Liderlik nominasiyaları üzrə mükafatlar öz qaliblərini tapıb. Lider İş Adamı nominasiyası üzrə qalib Cemal Yanğın (Türkiyə Cümhuriyyətinin Xarici İqdisadi Əlaqələr Şurasının (Dış Ekonomik İlişgiler Kurulu-DEİK) üzvü, Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sabiq sədri, İstanbul Çarşı şirkətinin təsisçisi),
İnnovasiya üzrə Liderlik nominasiyasında qalib Dosent İlham Əhmədov (Azərbaycan Pedaqoji Universitetinin müəllimi, Təhsildə İnnovasiyaların tətbiqi mövzusunda çoxsaylı elmi məqalələrin müəllifi və tanınmış təhsil eksperti), Sülh Lideri nominasiyası üzrə qalib Hülusi Kılıç (Türkiyənin Azərbaycanda və Moldovadakı sabiq səfiri, tanınmış diplomat, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi) və Qlobal Liderlik və İdarəçilik nominasiyası üzrə qalib Samir Novruzov (“Management Consulting Group” şirkətinin təsisçisi və Baş İcraçı direktoru, Birləşmiş Krallıq İdarəçilik İnstitutunun, ABŞ-nin İctimai Siyasi Münasibətlər və İdarəçilik üzrə Qlobal Şərəf Cəmiyyətinin fəxri üzvü. İdarəçilik və Liderlik sahələrinə aid məqalələri “Management Consulting Journal”, “Open Journal Business and Management”, “Open Journal of Leadership” kimi beynəlxalq elmi jurnallarda dərc olunub) olub”.
Məlumatda deyilir ki, mərasim qaliblərin müsabiqənin təşkil edilməsinin və liderliyin əhəmiyyətli rolu baradə ürək sözləri ilə davam etdirilib.
Hulusi Kılıç: Anadolu Universiteti öz fəaliyyəti ilə hər zaman Türkiyə-Azərbaycan qardaşlığına töhfə verib
Çıxış edən Hulusi Kılıç fəaliyyəti dövründən və ondan sonra da iki qardaş ölkənin mənafeyi naminə addımlar atdığını deyib. O, həmçinin Anadolu Universitetinin fəaliyyətini təqdir etdiyini bildirib: “Anadolu Universiteti öz fəaliyyəti ilə hər zaman Türkiyə-Azərbaycan qardaşlığına töhfə verib”.
Digər çıxış edənlər də Anadolu Universitetinə və Anadolu Universiteti Azərbaycan Proqramlarına müvafiq fəaliyyət sahələri üzrə liderləri qiymətləndirdiyinə, həmçinin, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq üçün dostluğun və əməkdaşlığın vacibliyini vurğulayan belə bir önəmli mərasimin təşkilində göstərdiyi səylərə görə minnətdarlıqlarını ifadə ediblər.