BAYRAQDAR MEDİA – Avqustun 10-da Rəssamlar İttifaqının və Shabran Welbeing Resort hotelin dəstəyi ilə 10-20 iyul tarixlərində keçirilmiş simpoziumun yekun nəticəsi olaraq Çardaq art-platformasının təqdimatında “Xoxan” sərgisinin açılışı olub.
Rəssamlar İttifaqının sərgi salonunda keçirilən açılış zamanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) prorektoru, Prof. Səlhab Məmmədov, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və digərləri çıxış edərək açılışı keçirilən sərgi haqqında fikirlərini bölüşərək sərginin ərsəyə gəlməsində əməyi olan Çardaq art-platformasına uğurlar diləyiblər.
Açılışdan sonra Çardaq art-platformasının yaradıcısı Elşən Karaca platformanın fəaliyyəti və sözügedən sərgi haqqında fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Biz Çardaq art-platforması olaraq nəhayət ki, çoxdandır istədiyimiz addımları atmağa başlamışıq. İstəyimiz o idi ki, ölkəmizdə müxtəlif sənət sahələrindən olan incəsənət adamları, yəni rəssamlar, musiqiçilər, memar və dizaynerlər, aktyor və rejissorlar, yazıçılar və şairlər və s. birləşib bir mövzu əsasında birlikdə çalışaraq əsərlər yarada bilsinlər. Yəni yaradıcı insanlar yalnızca hərə öz studiyasında deyil, eyni zamanda birlikdə də işlər görsünlər. Biz bir neçə layihə birlikdə işləmişik, “Xoxan” sərgisi də o layihələrdən biridir. Xoxan folklorumuzda elə mistik obrazlardandır ki, onun üzünü və ya görünüşünü hər kəs özünəməxsus düşünür, öz qorxularına və fantaziyalarına əsasən obraz canlandırırlar. Bu obrazın dəqiq bir görünüşü, forması, rəngi və səsi bilinmir. Nə istədiyi və ya niyə istədiyi də bilinmir. Yəni xoxan folklorumuzda olan ən abstarkt fiqurlardan biridir. İndiyə qədər incəsənət adamlarımız çox zaman bu obrazdan yan keçiblər. Biz isə bu obrazı sənətin dili ilə obrazlaşdırmağa və obraza psixoloji fəlsəfi tərəflərdən də baxış keçirməyə çalışdıq. Əlbəttə, bundan sonra söz sənətşünasların üzərinə düşür, bu sərgidəki əsərləri təhlil edib xalqa maarifləndirmədə dəstək olsalar yaxşı olar. Bildirim ki, mən Çardaq art-platformanın yaradıcısı olaraq belə tədbirlərimizin olmasından qürur duyuram və dövlət dəstəyinə görə də bütün təşkilati qurumlara minnətdarlığımı bildirirəm. Qeyd edim ki, tədbirin bir neçə mərhələdə təşkili üçün, Azərbaycan Rəssamlar İttifaqı və Shabran Wellbeing Resort hoteli bizə böyük dəstək göstərdilər, bunun üçün onlara xüsusi təşəkkürlərimi bildirirəm”.
Bildirək ki, sərgidə 12 rəssam – E.Karaca, Şəbnəm Karaca, Anar Hüseynzadə, Zümrad Hüseynzadə, Təranə Vaqifqızı, Vəfa Yüzbaşıyeva, Aydın Əsgərov, İlqar Tahiri, Kaşmar İsmayılzadə, Vüqar Quliyev, Qalib Mirzəliyev, Nigar Familsoy tərəfindən 25-dən çox rəsm əsəri, iki şair (Nuranə Nur, Aqşin Yenisey) tərəfindən iki şeir, bəstəkar Tahir İbişov tərəfindən bir musiqi bəstəsi, həmçinin maskalarla geyimlər təqdim olunur.
Qeyd edək ki, avqustun 16-dək təqdim olunacaq sərginin kuratoru Bəhram Xəlilovdur.