Son yeniləmə: 12 Avqust 2024 11:47
BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəki-Zaqatala iqtisadi zonasına səfəri çərçivəsində Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 12-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Turaclı kəndində “Zərqanad” Arıçılıq Məhsullarının İstehsalı Kooperativinin üzvləri ilə görüşən nazirə kooperativin formalaşması zərurəti, arıçılıq məhsullarının istehsalı, qablaşdırma, sərgilərdə iştirak, arıçıların istehsal güclərini birləşdirməsinin gətirdiyi üstünlüklər barədə məlumat verilib. Kooperativin rəhbəri Kamran Seyidəli havaların yağıntılı keçməsinə rəğmən bu il məhsuldarlığın kifayət qədər yaxşı olduğunu bildirib. Arı ailələrinin mövsüm ərzində 5 fərqli məkana apardıqlarını deyən arıçı fermer bu amilin bal istehsalına və məhsulun keyfiyyətinə müsbət təsir göstərdiyini deyib. Son illər arıçılığa marağın artdığını deyən kooperativ üzvləri hazırda Qax rayonundakı təsərrüfatlarda 30 mindən çox arı ailəsinin saxlandığını bildiriblər. Nazir “Zərqanad” Arıçılıq Məhsullarının istehsalı Kooperativinin məhsulları ilə tanış olub, məhsulların brendləşməsi, satış marketinq işinin təşkili ilə bağlı öz tövsiyələrini verib.
Daha sonra nazir Məcnun Məmmədov Zəyəm kəndində 40 hektar sahədə salınmış intensiv bağla tanış olub. Nazirə Şəki-Zaqatala istisadi rayonunda son illər bağçılığa marağın artması barədə məlumat verilib.
Nazir həmçinin səfər çərçivəsində Qorağan kəndində yeni qurulmuş qarğıdalı qurutma məntəqəsinin fəaliyyəti ilə,
Qax rayonunda fəaliyyət göstərən “Ulu Agro” MMC-nin Qax Aqroparkında yeni soyuducu anbarın inşası ilə tanış olub, aqroparkda dənli və dənli paxlalı bitkilərin istehsal göstəriciləri ilə maraqlanıb, yeni salınan bağlara baş çəkib.