BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi 2024-cü il avqustun 11-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
Qurumun məlumatında deyilir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunub: “İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 393, BB qrupu üzrə 1821 olmaqla, ümumilikdə 2214 namizədin iştirakı nəzərdə tutulurdu. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi və 33 buraxılış rejimi əməkdaşı ayrılıb. İlkin məlumatlara əsasən, binanın girişində yoxlama zamanı 1 nəfərdə xüsusi ötürücü qurğu (şəkillər fotoqalereyada) aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılır”.
Məlumata əsasən, avqustun 12-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.