BAYRAQDAR MEDİA – Avqustun 9-da təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “müsabiqəyə ümumilikdə 1 min 636 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 229 layihə (14 faiz) daha çoxdur. Daxil olan layihələrin 92-si ümumi təhsil müəssisələrinin, 1 min 544-ü isə təhsilverənlərin fərdi layihələridir. Qrant müsabiqəsinə daxil olmuş bütün layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 min 549 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 229 layihə qrant qazanıb. Həmin layihələrin 10-u ümumi təhsil müəssisələrinin, 219-u isə təhsilverənlərin fərdi layihələridir”.
Sonra xəbərdə, “daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Şəmkir, Ağstafa, Abşeron, Cəlilabad daxildir. Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər” deyə bildirilir.
Qeyd edək ki, müsabiqənin yekunlarını əks etdirən cədvəllə keçid vasitəsi ilə tanış olmaq mümkündür.