Son yeniləmə: 7 Avqust 2024 09:37
2024-cü ilin birinci yarısında Türkiyəyə gələn turistlər arasında İlk üçlükdə Rusiya, Almaniya və Böyük Britaniyadan olanlar qərarlaşıb
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə 2024-cü ilin birinci yarısı turizm sahəsində uğurlarla yadda qalıb. Bu barədə mədəniyyət və turizm nazirinin bəhs edilən dövrün nəticələri ilə keçirdiyi mətbuat konfransında bildirilib.
Nazirliyin məlumatında qeyd edilir ki, nazir Mehmet Nuri Ersoy, 2024-cü ilin ilk yarısında Türkiyəyə gələn ziyarətçilərin sayının illik müqayisədə 13,9 faiz artaraq 26,1 milyona çatdığını bildirib.
Nazir deyib ki, Türkiyənin eyni dövrdə turizm gəlirləri 9,3 faiz artaraq 23,7 milyard dollara çatıb: “Türkiyənin bir ziyarətçiyə düşən orta gündəlik xərcləri 98 ABŞ dollarına çatıb”.
Nazir M.N.Ersoy X sosial media hesabından etdiyi paylaşımda isə qeyd edib ki, ilk 6 ayın nəticələri Türkiyənin il sonu 60 milyon ziyarətçi və 60 milyard ABŞ dolları gəlir hədəfinə sadiqliyini təsdiqləyir.
Türkiyə əsas hədəf bazarlarında güclü artım
Məlumtada vurğulanıb ki, bəhs edilən dövrdə Türkiyənin ən böyük turizm mərkəzləri olan Antalya, İstanbul, İzmir və Muğlaya ziyarətçilərin axını ilə diqqət mərkəzində olub. Bu şəhərlərə Türkiyənin ənənəvi ən böyük turizm bazarları olan Rusiya, Almaniya və Böyük Britaniyadan çoxlu sayda turist gəlib.
Məsələn, 2024-cü ilin yanvar-iyun ayları arasında 2,7 milyondan çox rus Türkiyəni tətil məkanı olaraq seçib ki, bu da 2,3 faiz artım deməkdir.
Məlumata görə, eyni dövrdə alman ziyarətçilərin sayı 2,5 milyonu keçib ki, bu da əvvəlki dövrlə müqayisədə 9 faiz artım deməkdir: “Üçüncü yerdə isə Böyük Britaniyadan olan turistlər gəlir. Bəhs edilən dövrdə Türkiyəyə təxminən 1,8 milyon britaniyalı ziyarət edib ki, bu da 19 faiz artım deməkdir”.
Bundan başqa Türkiyə, keçən ilin eyni dövrü ilə müqayisədə 111 faiz artımla 187 mindən çox ziyarətçiyə ev sahibliyi edən Çin bazarında ən böyük artımını əldə edib: “2024-cü ilin ilk 6 ayında Türkiyəyə 56 mindən çox yapon ziyarətçi gəlib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 96 faiz çoxdur”.
Mədəni irsə də tələbat artır
Məlumatda əlavə edilib ki, Türkiyənin dəyərli tarixi, mədəni və arxeoloji irsi bütün dünyada maraq doğurur: “2024-cü ilin ilk altı ayında Türkiyənin muzeyləri və tarixi yerləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 14 milyona yaxın ziyarətçiyə ev sahibliyi edib. Bu dövrdə Türkiyənin ən çox ziyarət edilən irs yerləri İzmirdə Efes, Konyada Mövlana Muzeyi, Dənizlidə Hierapolis və Pamukkale, Kapadokya/Nevşehirdə Göreme və Zelve/Paşabağları olub”.