Press "Enter" to skip to content

Müraciət proseduru çox rahatdır

Son yeniləmə: 6 Avqust 2024 09:03

BAYRAQDAR MEDİA – “Qanunda tərcümələrin rəsmiləşdirilməsi xidmətinin məhz elektron apostil verilmiş sənədlərə münasibətdə tətbiqi nəzərdə tutulur ki, bu da təsadüfi deyil”.

Bunu Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bunu Dünya Bankı Qrupunun “Business Ready” layihəsi üzrə Azərbaycanın reytinqini artırmaq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” işçi qrupunun üzvü, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Barxudarzadə bildirib.

Xatırladaq ki, bu yaxınlarda Preizdent İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişiklikləri təsdiq edib.

“Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyasının təşkili istiqamətində hansı işlər görülür” sualını cavablandıran Leyla Barxudarzadə “ilk olaraq qeyd etmək istərdim ki, sənədlərin tanınmasının iki üsulu var, onlardan biri konsul leqallaşdırılması, digəri isə sənədə apostil verilməsi prosedurudur. Xarici mənşəli sənədlərin məsafədən autentifikasiyası bu gün yalnız elektron apostil verilən sənədlərə münasibətdə əlçatandır. Belə ki, bu sənədlərin mənbəsi olan rəsmi reyestrlər Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının saytında yerləşdirilib. Bu da bizə həmin reyestrlərə mötəbər mənbə olaraq müraciət etmək və sənədlərin yoxlanılması üçün imkan yaradır”.

Onun sözlərinə görə, sahibkarın elektron müraciəti zamanı təqdim edəcəyi sənədlərin həqiqiliyi “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılacaq ki, bu da elektron mühitdə sənədlərin mötəbər mənbələr əsasında dövriyyəsini təmin edəcək: “Hazırda elektron apostil verən ölkələrin sayı 54-ə çatıb. Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının məhz elektron apostil proqramının “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya üzv olan 126 ölkə arasında təşviqi davamlı xarakter daşıyır. Bu təşviq nəticəsində həmin proqramı tətbiq edən ölkələrin sayı da getdikcə artmaqdadır. Proqramı tətbiq edən ölkələrin sayı artdıqca tərcümənin notariat qaydasında elektron rəsmiləşdirilməsi xidmətinin də əhatə dairəsi genişlənir”.

Elektron apostil verilmiş və leqallaşdırılmış sənədlərin e-notariat üzərindən rəsmiləşdirilməsinin necə reallaşacağına gəlincə, L.Barxudarzadə bildirib ki, müraciət proseduru əslində çox rahatdır, tərcümənin təsdiqi xidmətindən yararlanmaq üçün şəxs portala müraciət etməklə tərcümə ediləcək sənədlərin elektron nüsxəsini müraciətinə əlavə edir və tərcümə olunacaq xarici dili qeyd etməklə müvafiq sifarişini göndərir: “Sifarişi alan notarius sənədlərin elektron mühitdə yoxlanılmasını həyata keçirir və autentifikasiya müsbət nəticələndikdə sənədlərin sayı, həcmi, həmçinin tərcümə olunacaq dildən asılı olaraq xidmət haqqı hesablanır, həmçinin xidmətin nəticəsinin təqdim olunacağı tarix qeyd edilməklə sifarişçiyə təklif göndərilir. Müraciət etmiş şəxs xidmət haqqı və tarixlə razı olduqda müvafiq ödənişi həyata keçirir və müəyyən edilmiş tarixdə sənədini elektron poçt vasitəsilə əldə etmiş olur”.

Mission News Theme by Compete Themes.