Press "Enter" to skip to content

İnkişafa xidmət edən daha bir yenilik

Leyla Barxudarzadə

Son yeniləmə: 6 Avqust 2024 09:05

Leyla Barxudarzadə: Bu yenilik Azərbaycanda xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan edir

BAYRAQADR MEDİA – “İnnovativ həllər və konstruktiv qərarlar əsasında əlverişli biznes mühitinin inkişaf etdirilməsi iqtisadi siyasətin təməl prinsiplərindəndir. Bu istiqamətdə dövlət başçısının rəhbərliyi altında həyata keçirilən çoxşaxəli islahatlar regionda sabitliyi, dünya iqtisadiyyatının qlobal təsirlərinə qarşı ölkəmizin dayanıqlığını və sosial rifahın yaxşılaşdırılmasını təmin edir”.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bunu Dünya Bankı Qrupunun “Business Ready” layihəsi üzrə Azərbaycanın reytinqini artırmaq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” işçi qrupunun üzvü, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Barxudarzadə deyib.

Xatırladaq ki, bu yaxınlarda Preizdent İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişiklikləri təsdiq edib. Yenilənmiş qanuna əsasən, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib.

Leyla Barxudarzadə deyib ki, xarici tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşıq münasibətlərini inkişaf etdirmək və beynəlxalq müstəvidə yüksək reytinqlərə nail olmaqla Azərbaycanın investisiya cəlbediciliyinin yüksəldilməsi üçün ardıcıl tədbirlərin davam etdirilməsi də əsas hədəflər sırasındadır: “Bu çərçivədə Dünya Bankı Qrupunun “Business Ready” layihəsi üzrə ölkəmizin reytinqini artırmaq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” işçi qrupunun başlıca məqsədi kimi müəyyən edilib. Dünya Bankı Qrupunun qiymətləndirmə meyarları və metodologiyası nəzərə alınmaqla xarici investorlar üçün yerli biznes subyektləri ilə bərabər imkanların yaradılması, o cümlədən qeydiyyat prosedurlarını tam elektronlaşdırmaqla sadələşdirilməsi və operativliyin artırılması istiqamətində müvafiq təkliflər verilib”.

Onun sözlərinə görə, bu vaxtadək xarici investorların elektron qaydada müraciət etməsini məhdudlaşdıran amil xarici mənşəli sənədlərin Azərbaycan dilinə tərcüməsinin rəsmiləşdirilməsi ilə bağlı olmuşdur ki, bu prosedurlar yalnız fiziki həyata keçirilməklə qeydiyyat orqanına bilavasitə təqdim olunmasını ehtiva edirdi: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, xarici mənşəli sənədlərin elektron portal üzərindən notariusa göndərməklə məsafədən tərcüməsinin notariat qaydasında təsdiqlənməsi xidmətindən yararlanaraq müvafiq vergi orqanlarına elektron formada təqdim etmək imkanı yaradılıb. Bu yenilik Azərbaycanda xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan edir və biznesə başlama prosesini asanlaşdırmaqla ölkəmizin investisiya cəlbediciliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Xarici mənşəli sənədlərin elektron portal üzərindən notariusa göndərməklə məsafədən tərcüməsinin notariat qaydasında təsdiqlənməsi xidmətindən yararlanaraq müvafiq vergi orqanlarına elektron formada təqdim etmək imkanı yaradılıb”.

O da vurğulanıb ki, məhz xarici mənşəli sənədlərin məsafədən tərcüməsinin rəsmiləşdirilməsi üçün portal artıq yaradılıb və hazırda onun sınaqları aparılır: “Bu portal vasitəsilə fiziki və hüquqi şəxslər dünyanın istənilən nöqtəsindən elektron apostil verilmiş sənədlərin tərcüməsinin rəsmiləşdirilməsi üçün müraciət edə biləcək. Portalda qeydiyyatsız olaraq tərcümə təsdiqi xidmətindən yararlanmaq mümkün olacaq və hazır sənədlər müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilməklə yanaşı biznes subyektlərinin qeydiyyatını aparan vergi orqanları üçün də “bulud” texnologiyasının tətbiqi nəticəsində əlçatan olacaq. Belə ki, sahibkarın elektron müraciəti zamanı təqdim edəcəyi sənədlərin həqiqiliyi məhz “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılacaq ki, bu da elektron mühitdə sənədlərin mötəbər mənbələr əsasında dövriyyəsini təmin edəcək”.

Mission News Theme by Compete Themes.