Son yeniləmə: 2 Avqust 2024 10:29
BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi və “SAS Agro” şirkətinin təşkilatçılığı ilə Türkiyədən dəvət olunan mütəxəssis tərəfindən yerli sahibkar və mütəxəssislərə xüsusi təlim-seminar keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 2-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “təlimin əsas məqsədi məhsul yığımından sonra itkilərin idarə olunması, keyfiyyətin qorunması və ən yaxşı təcrübələr üzrə sahibkarların və fermerlərin bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Təlim iştirakçılarına həm nəzəri biliklər, həm də praktiki nümayişlərlə yığım sonrası idarəetmə, yığım texnikaları, yığım sonrası fiziologiya, çeşidləmə, təmizləmə, qablaşdırma, saxlama texnologiyaları, logistika, dəyər əlavəsi, keyfiyyətin təminatı və standartlar barədə məlumatlar veriləcək. Təlim çərçivəsində praktiki sessiyalar da nəzərdə tutulub. Proses çərçivəsində fermerlərə sahələrə səfər edəcək, saxlama məkanları, daşınma simulyasiyası və dəyər əlavəsi emalatxanaları kimi texnoloji yeniliklərlə əyani şəkildə tanış olacaqlar”. Məlumata görə, iki gün davam edəcək təlimlər 8-9 avqust 2024-cü il tarixlərində Kənd Təsərrüfatı Nazirliyində olacaq.