BAYRAQDAR MEDİA – Müharibə veteranlarına göstərilən psixoloji və tibbi reabilitasiya xidmətlərinə vahid platformadan nəzarətin təşkil edilməsi, müharibə veteranları və şəhid ailələri ilə proaktiv işin aparılması, bu işlərin sistemli və davamlı şəkildə təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyasının aparılması məqsədi ilə Səhiyyə Nazirliyinin (SN) “Çağrı Mərkəzi” yaradılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir. “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədi ilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunan “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırııb. Fəaliyyət göstərdiyi ötən müddət ərzində “Çağrı Mərkəzi” vasitəsi ilə müharibə iştirakçısı və şəhid ailəsinin 67 min 326 müraciəti cavablandırılıb. Bunlardan 13 min 928-i birbaşa daxil olan, 53 min 398-i isə proaktiv zənglər təşkil edib”.
Daha sonra xəbərdə, “bugünədək Nazirliyin ixtisaslaşmış qurumlarına psixoloji yardımla bağlı 2 min 257 müraciət yönləndirilib. Eyni zamanda, psixiatrik müayinə/müalicə ilə bağlı 2 min 291 müraciət daxil olub. Daxil olan müraciətlərdən SN-nin reabilitasiya mərkəzlərinə ümumilikdə 1 min 237 müraciət yönləndirilib. Belə ki, nazirliyin nəzdində olan Sanator Kurort Reabilitasiya Mərkəzinə 839, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 374 və 24 şəhid övladı müalicə almaq üçün Respublika Uşaq Sanatoriyasına yönləndirilib” deyə bildirilir.
Qeyd edək ki, 9109 “Çağrı Mərkəzi”nə müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.