BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyevlə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki ölkə arasında ikitərəfli əlaqələrinin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunu qeyd edib. T.Musayev iki ölkə arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir, bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib. Nazir, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcəyi diqqətə çatdırıb. Sonda T.Musayev gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib”.
Daha sonra xəbərdə, “öz növbəsində Y.Husyev Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan səfir iki ölkə arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu bildirib. COP29-un əhəmiyyətini qeyd edən Y.Husyev Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi vurğulayıb. Diplomat SN və nazirliyin tabeliyində olan qurumlarla əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. O, həmçinin Bakıda ukraynalı uşaqlar üçün reabilitasiya kursunun təşkilinə görə təşəkkürünü bildirib”.
Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması, habelə tibb universitetləri arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.