Son yeniləmə: 31 İyul 2024 09:08
BAYRAQDAR MEDİA – Bu günlərdə Çolpon-Atada ticarət-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq üzrə Qırğızıstan-Türkmənistan hökumətlərarası komissiyasının 6-cı iclası keçirilib.
Bu barədə kabar.kg saytı məlumat yayıb.
Bildirilib ki, “İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iclasa Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Torobayev Bakyt və Türkmənistanın energetika naziri Saparov Annageldi sədrlik edib. Görüş zamanı ticarət-iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti məsələsinə baxılıb, qarşılıqlı fəaliyyətin perspektiv istiqamətləri müzakirə edilib. Tərəflər, o cümlədən, nəqliyyat əlaqələrinin yaradılması, yük və tranzit daşımaları üçün şəraitin yaradılması, energetika, yüngül sənaye, turizm, mədəniyyət və idman sahələrində əməkdaşlıq üzrə danışıqlar aparıblar”.
Məlumata görə, tərəflər Qırğızıstan-Türkmənistan İnkişaf Fondunun yaradılması, Ticarət Evlərinin açılması, həmçinin İssık-Kulda kurort-istirahət kompleksinin tikintisi layihəsi üzrə danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər: “Bundan başqa, görüş zamanı səhiyyə, təhsil, telekommunikasiya sahələrində də əməkdaşlıq nəzərdə tutulub. Nəticədə müqavilə-hüquqi bazanın gələcək inkişafı ilə bağlı razılıqlar əldə olunub”.