BAYRAQDAR MEDİA – Telekommunikasiya sektorunun 1 nömrəli təbii inhisarçısı avqustun 1-də internetin qiymətini qaldıracaqmı? Antiinhisar ötən gün təbii inhisarçılara nə deyib?
Anti-inhisar Dövlət Xidməti telekommunikasiya sahəsinin təbii inhisarçılarını yenidən bir yerə toplayıb. Rəqabət məcəlləsindən irəli gələn məsələlərin müzakirə olunduğu bildirilir.
Avqustun 1-nə gözlənilən qiymət artımı fonunda antiinhisarçılarla inhisarçıların belə bir toplantısı diqqətimi cəlb etdi.
Sektorun əsas təbii inhisarçısı Aztelekom dövlət provayderi elan edib ki indiyədək 18 manat (40Mb/s) olan minimal tarif 25 manat (100Mb/s) olacaq.
Vətəndaşlara tələbatına görə seçim imkanı təqdim edilməyib. Ehtiyacı olan da, olmayan da 25 manatı ödəyib nə təklif edirlərsə, onu da almalıdır.
Görəsən Anti-inhisar ölkənin 1 nömrəli təbii inhisarçısına, dövlət provayderi olan Aztelekoma ötən gün nə deyib?
Təbii inhisarçılara dövlət nəzarətini həyata keçirən Anti-inhisar Dövlət Xidməti qiymət artımının qarşısını ala biləcəkmi, istehlakçıların hüquqlarını qoruya biləcəkmi?
Yoxsa adı çəkilən qurumlar arasında daha bir məhkəmə çəkişməsi qaçılmaz olacaq?
Görəsən sektorun tənzimləyici qurumu, RİNN-in İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi Aztelekom-da texniki-texnoloji vəziyyətlə bağlı bir monitorinq apardımı?
Şübhələr vardı ki, yenicə magistral operator statusu qazanan Aztelekom ümumiyyətlə yüz minlərlə müştərisinə nəinki minimal 100Mb/s sürət, heç onun yarısı qədər trafik vermək gücündə deyil.
İKTA-dan da bununla bağlı cavablar yoxdur.
İnhisarçıya dövlət nəzarətini edən Antiinhisar da, tənzimləyici qurum – İKTA da susur.
Maraqlı mənzərədir.
Təbii inhisarçı, dövlət operatoru olan Aztelekom üçün Antiinhisar da, İKTA da heç bir halda maraqlı deyil, inhisarçı deyir ki, özüm bilərəm, nə vaxt hansı tarifi istəsəm, onu da müəyyən edəcəyəm.
Acı da olsa, reallıq budur.