Press "Enter" to skip to content

Makronializm: Qəddarlığın, “çoxtərəfli cinsi sevgi”nin hökm sürdüyü cəmiyyət

Nadir Azəri

Son yeniləmə: 30 İyul 2024 13:03

Yaxud Parisdəki açılış mərasimi satanistlərin Allaha inananlara meydan oxuması ilə yadda qaldı

BAYRAQDAR MEDİA – Dünya sivilizasiyasında bu vaxta kimi insanlığı təhdid edən bir çox “izm”lər mövcud olub. Faşizm, imperializm, kolonializm və s. Ancaq hesab edirik ki, bütün bunları öz qəddarlığı, əxlaqsızlığı və çirkablığı ilə arxada qoyan Makronializmdir. Hesab edirik ki, bu gün Parisdə mərkəzləşsə də artıq bütün dünyanı, bütövlükdə insanlığı təhdid edən, bəşəriyyəti dinsiz və mədəniyyətsiz qoymağı hədəfləyən cərəyanın, zehniyyətin, siyasətin, idarəçiliyin adıdır Makronializm.

Makronializm həm də xristian sivilizasiyasını hədəfə alıb

Dünənə qədər Makronializm əsasən türk və müsəlman dünyası üçün təhlükə mənbəyi sayılırdısa, Parisdə başlayan 33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra fikirlər tamamilə dəyişdi. Artıq belə bir fikir formalaşıb ki, Makron idarəçiliyi, bizim təbirimizcə isə Makronializm həm də xristian sivilizasiyasını hədəfə alıb. Məhz buna görə də Batı mediası Parisdə Olimpiadanın açılış mərasimini xristian sivilizasiyasının süqutu kimi təqdim edib.

Bəşəriyyəti dinsiz və mədəniyyətsiz qoymağı hədəfləyən cərəyanın, zehniyyətin, siyasətin, idarəçiliyin adıdır Makronializm
Bəşəriyyəti dinsiz və mədəniyyətsiz qoymağı hədəfləyən cərəyanın, zehniyyətin, siyasətin, idarəçiliyin adıdır Makronializm

Bu da səbəbsiz deyil. Çünki bu mərasim Olimpiya Oyunlarından daha çox xristian dinini məsxərəyə qoyan cinsi azlıqların paradı kimi yadda qalıb. Daha dəqiq desək, açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin parodiyası xüsusilə etirazlara səbəb olub. İsa Məsihin və onun həvarilərinin görüşünün Bibliya versiyası canlandırılan səhnədə transvestitlər və çılpaq müğənni çıxış edib.

Məlumatlara əsasən, din xadimlərinin şəkillərinin draq-şou elementləri ilə birlikdə istifadəsi təşkilatçılara qarşı hiddət dalğasına səbəb olub, bu səhnələri dinə və mədəni dəyərlərə hörmətsizliyin təzahürü kimi pisləyib, bunu küfr adlandırıblar.

33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimi başdan-başa rəzalətlə yadda qaldı

Bir sözlə, açılış başdan-başa rəzalətlə yadda qaldı. Veçernıy Bişkek yazır ki, bunu Batının aparıcı media orqanları da qeyd edirlər.

Məsələn, EADaily yazır ki, “Parisdə Olimpiya Oyunlarının açılış mərasimi Batı Avropada sivilizasiyanın və xristian mədəniyyətinin süqutunun bariz sübutu oldu”. Yunanıstanın Pronews portalı da öz materialında bu qənaətə gəlib. Qeyd olunub ki, “bu çöküşün bariz əlaməti açılış mərasimində təqdim edilən transvestitlərin son şam yeməyini təsvir etdiyi səhnə olub. Mənfi emosiyaların artmasına 2024-cü il Olimpiadasının açılış mərasimində özünü transvestit kimi təqdim edənlərin iştirakı səbəb olub”.

Olimpiya bayramı transgenderlərin paradına çevrildi

Beləliklə, ümumi fikir budur ki, yaşanan son biabrıçılıq Batı sivilizasiyasının tamamilə dağılmasını, Olimpiya bayramının və onun ideallarının transgenderlərin paradına çevrilməsini açıq şəkildə göstərir.

Əslində bu fikrin müəllifləri yerdən göyə qədər haqlıdırlar. Ancaq eyni zamanda onu xüsusi olaraq qeyd etməliyik ki, açılış mərasimində yaşananlar Fransa Prezidentinin siyasətinə tam uyğundur. Hələ bir neçə ay öncə, 18 mart 2024-cü il tarixli “Emmanuel Makronla Kaliqulanı birləşdirən cəhətlər” adlı yazımızda bəzi Batı ölkələrinin əxlaqsızlığı az qala gündəlik yaşam tərzinə çevirməsi, Makron Fransasının hansı təhlükələr saçdığını, Makron idarəçiliyinin Fransanı necə bir təhlükə ilə baş-başa qoyduğunu qeyd etmişdik.

Emmanuel Makronla Kaliqulanı birləşdirən cəhətlər

Həmin yazıda bildirmişdik ki, “Son illər bəzi Batı ölkələrinin əxlaqsızlığı az qala gündəlik yaşam tərzinə çevirməsi, eynicinsli nikaha girənlərə, yaxud da cinsi azlıqların nümayəndələrinə ali vəzifələrin, dövlət rəhbərliyindəki postların həvalə edilməsi vəhşi Batının bu baxımdan da “ənənəsinə” sadiq qaldığını təsdiqləyir. Bunu sübut etmək üçün isə heç də dərin bir araşdırma aparmaq lazım deyil. Elə günümüzün Fransasında cərəyan edənlərə nəzər yetirmək kifayətdir. Yəni Fransanın timsalında biz bəzi Batı ölkələrində ali dövlət vəzifələrinin məhz cinsi azlıqların nümayəndələrinə, eynicinsli nikaha girənlərə peşkəş edildiyini görürük. Fransada baş nazir daxil olmaqla hökümətin bir neçə üzvünün məhz cinsi azlığın nümayəndəsi olması kimsəyə sirr deyil. Çünki bunun belə olduğunu elə onların özləri, yaxud yaxın çevrələri də təsdiqləyirlər”.

Bu cür halların xüsusilə də “çiçəklənməsi” məhz Emmanuel Makronun hakimiyyətə gəlişindən sonraya təsadüf edir

Onu da vurğulamışdıq ki, “Fransada bu cür halların xüsusilə də “çiçəklənməsi” məhz Emmanuel Makronun hakimiyyətə gəlişindən sonraya təsadüf edir. Əslində E.Makronun həm bu cinsi azlıqlara xüsusi məhəbbətlə yanaşması, həm də ona etiraz edənlərə qarşı amansız davranışı Roma İmperiyasının üçüncü imperatoru, tarixdə Kaliqula kimi tanınan Qay Yuli Sezarı xatırladır. Çünki Kaliqula da Makron kimi əxlaqsızlığı dövlət səviyyəsində həyat tərzinə çevirmişdi. Çünki Kaliqula da Makron kimi ona qarşı çıxanlara ən amansız cəzalar tətbiq edirdi. Çünki Kaliqula da özündən əvvəlki hakimiyyətlərin yaratdıqları, formalaşdırdıqları ölkənin iqtisadiyyatını çökdürmüş, mədəniyyətini məhv etmişdi”.

Altını cızmışdıq ki, “tarixi mənbələrdən bəlli olduğu kimi, “daha çox Kaliqula olaraq tanınan Qay Yuli Sezar eramızdan əvvəl 41-ci ildən 37-ci ilə qədər Romaya imperatorluq edib. 4 illik hakimiyyəti dövründə o, həddindən artıq israfçılığı, çılğınlığı, azğınlığı, əxlaqsızlığı (öz bacısı ilə yatırdı), qəddarlığı və işgəncəsi ilə tanınıb, despotizmi ilə yadda qalıb. O, hakimiyyətə gələndən sonra Romada hər şey mənfiyə doğru dəyişməyə başlayıb, iqtisadiyyat çöküb, əhali yoxsullaşıb. Tarixi mənbələrə əsasən deyə bilərik ki, Kaliqulanın ən böyük “xidməti” onun Pompey şəhərini açıq səma altında fahişəxanaya çevirməsi olub”.

Qeyd olunduğu kimi, “tarixin gördüyü ən pozğun dövr məhz Kaliqulanın hakimiyyətdə olduğu illərə təsadüf edir. Kaliqulanın hakimiyyəti dövründə cinsi münasibətlər sərhəd tanımırdı. İmperator Kaliqulanın öz bacısına aşiq olaraq törətdiyi günah digər sakinlərə də “nümunə” olmuşdu. Pompeyin hər yeri əxlaqsızlıq evləri ilə dolu idi. Cinsi azlıqlar əlindən burda tərpənmək mümkün deyildi. Bunları xatırlatmaqla yanaşı qeyd etməyi borc bilirik ki, Kaliqulanın imperator olduğu dövrdə cərəyan edənlər, əslində bu və digər formada hazırda Fransada cərəyan edənlərlə eynilik təşkil edir. Fransada da cinsi azlıqlalr hakimiyyətdə “at oynadır” ki, buna da məhz E.Makron şərait yaradır. Fransada E.Makronun rəzil idarəçiliyinə etiraz edən sadə insanlara, hətta fermerlərə qarşı zirehli texnikadan istifadə edilir. Fransada iqtisadi böhran hökm sürür. Mədəni və mənəvi aşınma son həddə çatıb”.

Açılış mərasimi Makronializmi bütün çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirdi

Beləliklə, hələ mart ayında qələmə aldığımız bu yazıdakı təsbitlərimiz Olimpiadanın açılış mərasimində bir daha öz təsdiqini tapdı. Daha açıq və dəqiq desək, bu açılış mərasimi Makronializmi bütün çılpaqlığı ilə bütün dünyaya nümayiş etdirdi. Makron hakimiyyətinin pozğun əməllərindən sonra “tarixin gördüyü ən pozğun dövr məhz Kaliqulanın hakimiyyətdə olduğu illərə təsadüf edir” fikrini də arxa plana keçirir. Çünki indi çəkinmədən demək olar ki, tarixin gördüyü ən pozğun dövr məhz E.Makronun Fransaya rəhbərlik etdiyi illərə təsadüf edir.

Çünki məhz bunun, Fransanın idarəçilərinin “çoxtərəfli sevgi” oyunlarından doğan siyasətin nəticəsində açılış mərasimi geylərin və saqqallı “qadınların” səhnəni ələ alması, LGBT-nin beynəlxalq təbliğatı istiqamətində əxlaqsız bir addım atılması, xristian dünyagörüşünün timsalında bütövlükdə Allaha inananların şeytana sitayiş edənlər tərəfindən məsxərəyə qoyulması ilə yadda qaldı.

Açılış mərasimində beş halqalı məşhur bayraq başıaşağı qaldırılıb
Açılış mərasimində beş halqalı məşhur bayraq başıaşağı qaldırılıb

Sonda onu da xatırladaq ki, sadalananlarla yanaşı açılışda daha bir biabırçılıq yaşanıb. Parisdə 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində beş halqalı məşhur bayraq başıaşağı qaldırılıb. Kim bilir, bəlkə bu da bir işarədir. Amma Makronializm təmsilçilərinin deyil, bu dəfə Allahın işarəsi. Yəni Olimpiya halqalarının başıaşağı qaldırılması dünyada sülhün, təmizliyin, sağlamlığın, mərdliyin simvolu olan Olimpiya Oyunlarının artıq sözün bütün mənalarında çirkaba batdığına, bu ali prinsiplərin başıaşağı qaldığına diqqəti çəkən bir işarədir.

Mission News Theme by Compete Themes.