BAYRAQDAR MEDİA – İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədi ilə 3 avqust saat 17:00-19:00 arasında növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri “Ağ Şəhər” ərazisində keçiriləcək.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “ETSN-nin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (ekoçanta, kitab, müxtəlif məktəb ləvazimatları, köynək, fincan, papaq, milli parklara bilet və s.) əldə edəcəklər”.
Daha sonra xəbərdə, “qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək, o cümlədən ölkəmizdə keçiriləcək COP29 tədbirinə töhfə vermək məqsədilə təşkil olunur” deyə qeyd olunur.