Son yeniləmə: 29 İyul 2024 16:06
BAYRAQDAR MEDİA – Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam ailə modelinin təbliği” layihəsinin icrasını davam etdirir.
İctimai Birlikdən verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Quba şəhərində- Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İB-nin ofisində keçirilib: “Tədbirdə layihənin rəhbəri İlham Əliyev, Quba şəhər İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev və ictiamiyyət nümayəndələri iştirak edib. Dəyirmi masada “Sağlam ailə modelinin qurulmasında və inkişaf etdirilməsində insanların maarifləndirilməsi” mövzusu ilə bağlı çıxışlar edilib, müzakirələr keçirilib”.
Məlumata görə, tədbiri giriş sözü ilə açan layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından və sağlam ailə modelinin qurulmasında cəmiyyətini fəallığının artırılmasının vacibliyindən danışıb: “İlham Əliyev vurğulayıb ki, ailələrdə uşaqlarla valideynlər arasında səmimi, mehriban münasibətlər qurulmalı və yaşayışda və fəaliyyətdə bir-birinə dəstək olmalıdırlar. Sonra sosioloq Elçin Bayramlı mövzu ilə bağlı məruzə edib. Ekspert gəncləri sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb. O qeyd edib ki, Azərbaycan ailə modeli milli-mənəvi dəyərlərimiz üzərində bərqərar olub və həmişə də belə olmalıdır”.
Məlumatda vurğulanıb ki, Quba şəhər İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev və digərləri sağlam ailə modelinin qurulmasında həmrəyliyin vacibliyini qeyd ediblər: “İştirakçılardan Səma Bəybalayeva, Məhəmməd Hacıbalayev, Nərgiz Bağırova və digərləri mövzu ilə bağlı fikirlərini bildirib, ailə dəyərlərimizin qorunub saxlanmasının indiki dövrdə çox vacib olduğunu qeyd ediblər. Sonda ictimaiyyəti və media nümayəndələrini maraqlandıran suallara cavab verilib”.