BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin (ETN) təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramını başa vuran, eləcə də nazirliyin müxtəlif strukturlarında əmək fəaliyyətinə başlayan 9 nəfərdən 3-ü Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “onlardan Nigar Rəhimli BDU-nun Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası, Səbinə Hüseynova Mexanika-riyaziyyat fakültəsi üzrə SABAH qruplarının “Riyaziyyat müəllimliyi” ixtisası, Arzu Gülməmmədova isə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Politologiya (bakalavr)” ixtisası və “Beynəlxalq münasibətlər (magistratura) ixtisaslaşması üzrə məzunlarıdır”.
Qeyd edək ki, ETN, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 24 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.