BDU-nun Astrofizika kafedrası: “İyulun 30-31-də orta səviyyəli geomaqnit qasırğası olacaq”
BAYRAQDAR MEDİA – Son üç sutka ərzində bir neçə M9.9, M7.8 və M7.7 kimi M sinif alışma hesabına Günəş aktivliyi yüksək həddə çatıb. Son 24 saat ərzində Yerə yönəlmiş iki tac kütlə atılması müşahidə olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, M9.9 alışması ilə əlaqədar olan birinci tac kütlə atılması iyulun 30-da günün sonunda Yerə yaxınlaşacaq. İkinci tac kütlə atılması Günəş səthinin cənub-qərb kənarında AR3068 oblastı yaxınlığında baş verib. Bu hadisə 31 iyul-1 avqust tarixlərində sürüşkən təsir effekti yaradacaq. 31 iyul tarixinədək Günəş aktivliyi müəyyən ehtimalla X sinif alışmalarla müşayiət olunacaq. Yüklü zərrəciklər selinin aktivliyi fon səviyyəsində olacaq”.
Hazırda geomaqnit səviyyə sakit və qeyri-stabildir. İyulun 29-da geomaqnit səviyyə iyulun 27-də baş vermiş tac kütlə atılması hesabına G1 (mülayim) qasırğa səviyyəsində olub. 30-31 iyul tarixlərində geomaqnit qasırğa G2 (orta) səviyyədə olacaq. Yerə istiqamətlənmiş başqa tac kütlə atılması müşahidə edilməyib.