Son yeniləmə: 29 İyul 2024 09:19
Elman Cəfərli: Dünyanın sülh arayışında olduğu bir vaxtda qəddarlığın, qaniçən hərəkətlərin, satanizmin təbliği yolverilməzdir
BAYRAQDAR MEDİA – “Olimpiya oyunları dünyanın ən qədim beynəlxalq idman yarışlarından sayılır. Olimpiada hətta siyasi qarşıdurmaların ən kəskin dövlərində belə birlik, bərabərlik və sülh mesajları ilə diqqət çəkib. Bu yarışları təşkil edənlər hər zaman nümunəvi davranışları ilə seçilib, ayrı-seçkilikdən, qızışdırıcı mövqedən uzaq qaçıblar. Dünyanın dörd bir tərəfindən gələn idmançılar yarış ovqatına köklənib, hər zaman sağlam rəqabət, dostluq qalib gəlib. Bir sözlə, Olimpiada miqyasına görə ən böyük idman bayramıdır. Bu cür nüfuzlu, dostluq, birlik, həmrəylik və sülh yarışında televiziya efirindən, stadion tribunalarından irqi və dini ayrı-seçkiliyi təbliğ etmək yolverilməzdir”.
Bunun BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Parisdə XXXIII Yay Olimpiya Oyunları açılış mərasimi ciddi qüsurlarla yadda qaldı
Onun sözlərinə görə, çox təəssüf ki, iyulun 26-da Parisdə başlanan sayca XXXIII Yay Olimpiya Oyunları açılış mərasimi ciddi qüsurlarla yadda qaldı: “Təşkilatçı ölkənin qərəzkar yanaşması üzə çıxdı. XXXIII Yay Olimpiya Oyunlarının keçirildiyi Paris şəhəri ilə bağlı video-görüntüləri izlədim. Avropanın ən mədəni şəhəri adlanan Parisdə natəmizlik, diz boyu qalxmış zibil qalaqları ürək bulandırır. Bu mənzərə ölkəyə gəlmiş idman azarkeşlərini, turistləri də narazı salıb”.
İctimai Birlik sədri əlavə edib ki, Olimpiya oyunlarının keçirildiyi şəhərlərdən mühacirlərin zorla çıxarılması narahatlıq doğurub: “Yarışmalar başlanan gün ölkəboyu yayılan kütləvi qarətlər, xuliqanlıq, zorlama və oğurluq halları, dəmiryol sistemində yaranmış xaos, “EuroAirport” hava limanının bağlanması, təntənəli açılış mərasimində dini həqarət məzmunlu tamaşanın göstərilməsi (İsa peyğəmbərin təhqiramiz formada təqdim olunması), LGBT-nin açıq təbliği və digər nüanslar beynəlxalq idman ictimaiyyətini hiddətləndirib. Dünyanın sülh arayışında olduğu bir vaxtda qəddarlığın, qaniçən hərəkətlərin, satanizmin təbliği yolverilməzdir”.
Rəsmi Paris Güney Qafqazda daimi sülhün bərqərar olmasında maraqlı deyil
E.Cəfərlinin sözlərinə görə, son 30 ildə Fransanın Azərbaycana qarşı qərəzli münasibəti, Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətinə susması və çox vaxt buna dəstək göstərməsi bizim üçün adi hala çevrilmişdi: “Lakin artıq Qarabağ münaqişəsi yoxdur və erməni kartı Parisin əlindən çıxıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqları gedir. Lakin XXXIII Yay Olimpiya Oyunları açılış mərasimi göstərdi ki, rəsmi Paris hələ Güney Qafqazda daimi sülhün bərqərar olmasında maraqlı deyil. Oyunların açılış mərasimini canlı yayımlayan “Fr2” telekanalının aparıcısı Azərbaycan və Ermənistan idmançılarının keçidi zamanı təxribatçı ifadələr səsləndirdi. Aparıcı Ermənistanı “dost, tarixən fransızların qəlbinə yaxın olan ölkə” adlandırdı, “Dağlıq Qarabağ”ı da yaddan çıxarmadı. İdmançılarımızın keçidi zamanı isə bu aparıcı ölkəmizi “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim etdi. Bu davranış Makron Fransasının iç üzünü ortaya qoydu”.
Bu, Olimpiya xartiyasının pozulmasıdır
Qeyd olunub ki, idmanın bur cür siyasiləşdirilməsi Olimpiya oyunlarının ruhuna ziddir: “Bundan başqa rəsmi telekanalın bu mövqeyi Olimpiya xartiyasının pozulmasıdır. Yəqin ki, bununla bağlı etrazlar Beynəlxaq Olimpiya Komitəsinə (BOK) göndəriləcək. BOK məsələyə müdaxilə etməli, təşkilatçı ölkənin hərəkətlərinə laqeyd qalmamalıdır”.
Fransa Olimpiya oyunlarını təşkil edə bilmədiyini ortaya qoydu
QHT rəhbəri vurğulayıb ki, dünyanın ən güclü dövlətlərindən sayılan Fransa Olimpiya oyunlarını təşkil edə bilmədiyini ortaya qoydu: “Azərbaycan bu günə qədər bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bakıda Avropa oyunları, Avroviziya yarışması, İslam oyunlar keçirilib. Doğu, müsəlman ölkəsi olan Azərbaycan bu yarışları nümunəvi şəkildə təşkil edib. Yarışların keçirildiyi ərazilərdə qayda-qanun və təmizlik diqqət çəkib. Bu il isə Azərbaycanda nüfuzlu COP29 konfransı keçiriləcək. Əminik ki, Azərbaycan bu sınaqdan da üzüağ çıxacaq”.