Son yeniləmə: 29 İyul 2024 15:25
Prof. Dr. Fuat Erdal: Mənə göstərilən bu yüksək etimada görə sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğana minnətdarlıq edirəm
BAYRAQDAR MEDİA – “Əvvəla mənə göstərilən bu yüksək etimada görə sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğana minnətdarlıq edirəm. Əmin edirəm ki, ötən müddətdə olduğu kimi, bundan sonra da Anadolu Universitetini böyük uğurlara çatdırmaq, eyni zamanda Türkiyənin ali təhsil sisteminin inkişafına hədəflənmiş siyasətin yerlərdə reallaşdırılması istiqamətində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün ikiqat artıq çalışacağam”.
Bunu BAYRAQADR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal deyib.
Məlumat üçün bildirək ki, bir neçə gün öncə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qərarı ilə Prof. Dr. Fuat Erdal ikinci müddətə Anadolu Universitetinin rektoru təyin edilib. Onu da qeyd edək ki, Türkiyənin təhsil sistemində bu cür təyinatlar heç də tez-tez müşahidə edilmir. Bu da Türkiyə ali hakimiyyətinin Prof. Dr. Fuat Erdalın fəaliyyətinə verdiyi yüksək dəyərin, eyni zamanda rektorun ötən müddətdəki görəvi dövründə öz fəaliyyətini səmərələr şəkildə qurmasının nəticəsidir.
Açıq öyrətim sahəsində yeni addımlar atılacaq
Artıq vaxt itirmədən yeni dönəm üçün fəaliyyətə başlayacaqlarını deyən rektor “Bizim ikinci rektorluq dönəmimiz Anadolu Universitetinin həyatında yeni bir mərhələnin əsasını qoyacaq. İlk olaraq ötən müddətdə başladığımız işləri davam etdirəcəyik. Həmçinin yeni dövr üçün nəzərdə tutulan layihələrin icrasını reallaşdıracayıq. Təbii ki, əsas diqqət yönəldəcəyimiz məsələlərdən biri də Açıq öyrətim sahəsində atılacaq yeni addımlar olacaq. Bildiyiniz kimi Anadolu Universiteti Açıq öyrətim sahəsində 40 ildən artıq böyük təcrübəyə sahibdir və hazırda 30-a yaxın ölkədə bu sistem üzrə tələbələrimiz var. Təbii ki, bu sırada qardaş Azərbaycanın yeri bir başqadır. Bu gün Azərbaycandakı Türkiyə vətəndaşları ilə yanaşı azərbaycanlı tələbələrimizə də dərs verməkdən, onları məzun etməkdən qürur duyuruq”.
Digər vacib istiqamət türk dünyası ilə əlaqlərin daha da dərinləşdirilməsi olacaq
Rektorun sözlərinə görə, diqqət ayrılacaq digər bir vacib istiqamət türk dünyası ilə əlaqlərin daha da dərinləşdirilməsi olacaq: “Anadolu Universiteti Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) üzvüdür. Anadolu Universiteti olaraq açıq və distant təhsil sahəsində 40 ildən artıq təcrübəmiz, ali təhsildə rəqəmsallaşmaya dair qabaqcıl araşdırmalarımızla TÜRKÜNİB çərçivəsində hərtərəfli əməkdaşlığın inkişafına yönəlmiş layihə və təşəbbüslərə daha çox əhəmiyyət veririk. Orta Asiya genişlənməsi ilə biz Azərbaycandan sonra Özbəkistan, Qırğızıstan və Qazaxıstandakı soydaşlarımıza ixtisaslı ali təhsil xidmətləri təklif etməyə başladıq. Yəni Anadolu Universiteti olaraq, başda Orta Asiya Proqramları olmaqla bütün türk dünyası coğrafiyasına çatmaq üçün mühüm işbirliklərinə imza atmağa davam edirik”.
“Türk dünyası coğrafiyası ilə başda təhsil sahəsində olmaqla sosial və mədəni sahələrdə əhəmiyyətli araşdırmalar və əməkdaşlıq etmək üçün çox məhsuldar işlər həyata keçiririk. Bu kontekstdə TÜRKÜNİB-in nə qədər əhəmiyyətli olduğunun və türk universitetləri baxımından böyük potensialının fərqində olaraq ikinci dönəmdə də fəaliyyətimizi davam etdirəcəyik” deyə rektor əlavə edib.
Bizim Azərbaycan sevgimiz hansısa görəvə görə deyil
Xatırladaq ki, Prof. Dr. Fuat Erdal həm də bir Azərbaycan sevdalısı, Azərbaycana yaxın birisi kimi tanınır. Rektor BAYRAQDAR MEDİA-ya açıqlamasında ikinci dönəmdə də birinci dönəmdə olduğu kimi Azərbaycanla əlaqələrə xüsusi önəm veriləcəyini, bu məsələnin iş fəaliyyətinin ilk sırasında olacağını deyib: “Azərbaycanlı bacı-qardaşlarımız bilsin ki, bizim Azərbaycan sevgimiz hansısa görəvə görə deyil. Yəni görəvdən əvvəl də biz Azərbaycan sevdalısı olmuşuq, bu görəvdən sonra da Azərbaycan sevdalısı olaraq qalacağıq. Sadəcə olaraq hesab edirik ki, Cümhurbaşqanımız bizə ikinci dönəm üçün də etimad göstərməsi ilə üzərimizə həm də növbəti bir vəzifəni qoyub. Bu da günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan əlaqələrinin təhsil sahəsində daha da dərinləşməsi məsələsində üzərimizə düşən vəzifədir. Əminəm ki, bu vəzifənin öhdəsindən layiqincə gələcəyik”.