Son yeniləmə: 26 İyul 2024 08:39
BAYRAQDAR MEDİA – Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
Bu barədə BAYRAQADR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veirlib.
Bildirilib ki, “iclasda iştirak etmək üçün Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiyanın mədəniyyət naziri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Nikola Selakoviçin görüşündə iki ölkə arasında əməkdaşlıq əlaqələrinə, ötən dövrdə ikitərəfli əlaqələrin inkişafı sahəsində görülmüş işlərə, Komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb”.
Məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Sahil Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi, səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin daim inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb: “İki ölkə arasında 2013-cü ildə strateji tərəfdaşlıq haqqında Bəyannamənin, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının, bir çox sahələr üzrə əməkdaşlıq sənədlərinin imzalandığı, dostluq və qarşılıqlı etimad əsasında əlaqələrimizin daim genişlənməkdə olduğu qeyd edilib. Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması yüksək qiymətləndirilib. Ticarət əlaqələrinin artmaqda davam etdiyi, bu ilin 6 ayında da Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin 5,24 dəfə artdığı bildirilib. Ötən dövrdə Bakı və Belqradda 12 biznes forum və işgüzar görüşün keçirildiyi, bu tədbirlərin ölkələrimizin iş adamları arasında əlaqələrin inkişafında, yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasında mühüm rolu vurğulanıb”.
Məlumata əsasən, N.Selakoviç ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinə, qarşılıqlı hörmətə əsaslanan əlaqələrinin daim genişlənməsindən məmnunluq ifadə edib, əlaqələrin gələcək inkişafı üçün davamlı işlərin aparıldığını bildirib: “İclasda müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirlib. Ticarət-iqtisadi əlaqələrinin yeni layihələr əsasında genişləndirilməsi, enerji, nəqliyyat-logistika, əmək və sosial müdafiə, kənd təsərrüfatı, təhsil və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Sonra Komissiyanın həmsədrləri iclasın yekunlarına dair Protokolu imzalayıblar. Sənəddə müxtəlif sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əhatə olunur. S.Babayev və N.Selakoviç keçirdikləri brifinqdə imzalanan sənədin Azərbaycan və Serbiya arasında əlaqələrin davamlı inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər”.