BAYRAQDAR MEDİA – Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova Qırğızıstanın Azərbaycandakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Maksat Mamıtkanovla görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə deyilir ki, “qonağı salamlayan A.Raimkulova M.Mamıtkanovu Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib. Görüşdə Fondun prezidenti Türk dünyasının zəngin irsinin və qədim tarixinin qorunması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edib. A.Raimkulova Fond ilə təşkilatın qurucu üzv dövləti olan Qırğızıstan arasında sıx tərəfdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb. Fondun prezidenti Bişkekdə yerləşən dahi qırğız şairi və dramaturqu Alıkul Osmonovun ev – muzeyində təşkilat tərəfindən aparılan bərpa işlərindən danışıb”.
Daha sonra xəbərdə qeyd edilir ki, “M.Mamıtkanov sözügedən Fondun türk xalqlarının maddi-mənəvi irsinin öyrənilməsi və qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək Qırğızıstan ilə Fond arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin Fondun həyata keçirdiyi gələcək layihələrə Qırğızıstan tərəfindən hərtərəfli dəstəyin göstəriləcəyinə əminliyini ifadə edib”.
Görüş Fondla Qırğızıstan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi və gələcək birgə layihələrin müzakirəsi ilə davam edib.