Son yeniləmə: 25 İyul 2024 07:30
BAYRAQDAR MEDİA – Qazaxıstan və Özbəkistan Avropa və Güney-Doğu Asiya arasında uçuş marşrutlarını yaxşılaşdıran yeni T916 hava dəhlizini istifadəyə verib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Qazaxıstan Mülki Aviasiya Komitəsi məsələ ilə bağlı 22 iyul 2024-cü ildə açıqlama verib. Açıqlamada vurğulanıb ki, “açılışdan bəri Avropadan Güney-Doğu Asiyaya marşrut üzrə 19 reys həyata keçirilib. Yay mövsümünün sonuna kimi dəhlizdən aktiv istifadə olunacaq”.
Vurğulanıb ki, T916 dəhlizindən istifadə edən aviaşirkətlərə Lufthansa Cargo (Almaniya), Cargolux (Lüksemburq), Cargolux Italia (İtaliya), Nomad Aviation (İsveçrə), Western Global Airlines (ABŞ) və Aerologic Cargo Airlines (Almaniya) daxildir: “Ümumi məsafəsi 2187 kilometr olan T916 hava dəhlizinin 437 kilometri Özbəkistanın hava məkanından, 1750 kilometri isə Qazaxıstan ərazisindən keçir. Yeni dəhlizin Qazaxıstan hava məkanının xarici aviaşirkətlər üçün cəlbediciliyini artıracağı gözlənilir”.