BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli kimyaçı alim, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə müdiri, akademik Tofiq Murtuza oğlu Nağıyevin biblioqrafik göstəricisi işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kitabxanadan daxil olub.
Xəbərdə deyilir ki, “biblioqrafiya kimya elminin inkişafına fundamental elmi tədqiqatları və “Kimyəvi əlaqə”, “Kimya və biologiyada sinxron reaksiyaların qarşılıqlı əlaqəsi”, “Hidrogen peroksidlə koherent baxış”, “Əlaqə reaksiyaları müasir ideyalar kontekstində” monoqrafiyaları ilə xüsusi töhfələr verən və “Nağıyev effekti” ilə tanınan akademikin həyat və yaradıcılığına həsr olunub. 1964-2021-ci illəri əhatə edən vəsaitə alimin Azərbaycan dilində və xarici dillərdə çap olunmuş kitabları, elmi məqalə, tezisləri, dövrü mətbuatda dərc edilmiş məqalələri, rəhbərlik etdiyi dissertasiya işləri, müəlliflik şəhadətnamələri və patentlərinə dair məlumatlar daxil edilib. Görkəmli alimin 80 illiyinə həsr olunan göstəricidə T.Nağıyevin həyat və fəaliyyətinə dair oçerkdə elmi-pedaqoji, ictimai fəaliyyətinin əsas istiqamətlərindən, həmçinin, milli ensiklopediya və maarifçilik fəaliyyətindən bəhs olunur”.
Daha sonra xəbərdə, “AMEA Rəyasət Heyətinin qərarına əsasən tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru Sevda Mehrəliyeva, redaktoru MEK-in Kitabxana xidməti üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Tahirqızı, tərtibçisi kimya üzrə fəlsəfə doktoru Zoya Zaytsevadır. Qeyd edək ki, biblioqrafik göstəricinin materiallarının sistemləşdirilməsində “Biblioqrafik nəşrlər” şöbəsinin biblioqrafı Türkan Vahidova da yaxından iştirak edib. Akademikin rəhbərliyi ilə 24 fəlsəfə və 1 elmlər doktoru hazırlanıb. O, 500-dən artıq elmi əsərin, 42 patent və müəlliflik şəhadətnaməsinin, 5 monoqrafiyanın müəllifidir”.
Biblioqrafik göstərici fiziki kimya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.