Son yeniləmə: 25 İyul 2024 07:46
BAYRAQDAR MEDİA – “İRƏLİ” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “SAY: İRSİMİZ” layihəsinə başlayır.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “SAY: İrsimiz” layihəsinin məqsədi gəncləri Azərbaycanın zəngin mədəni irsi ilə tanış etmək, bu mövzuda maarifləndirməklə onları milli-mənəvi dəyərlərimizə sadiq ruhda formalaşdırmaqdır: “Bura tariximizi, ədəbiyyatımızı, görkəmli şəxsiyyətlərimizi, tarixi abidələrimizi, toponimləri, milli rəqslərimizi, filmlərimizi, mahnılarımızı, mətbəximizi araşdırmaq daxildir. Layihə çərçivəsində müxtəlif təlimlər, görüşlər, infosessiyalar, praktiki məşğələlər, teatr tamaşaları, rəqs nümayişləri, müzakirə saatları, intellektual oyunlar və digər fəaliyyətlər təşkil etməklə biz gənclərin bilik və bacarıqlarının artmasına, milli irsimizin mahiyyətini öyrənmələri və dəyərləndirmələri üçün cəlbedici və maarifləndirici mühit yaratmağı hədəfləyir”.
Məlumata əsasən, SAY hərəkatı altında keçirilən və sayca 9-cu olan “SAY: İRSİMİZ” layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunur: “Layihə 15-19 avqust 2024-cü il tarixlərində Qusar rayon Olimia İdman kompleksində keçiriləcəkdir. “İRƏLİ” İctimai Birliyi “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” , “SAY: Volunteering Festival”, “SAY: Solidarity”, “SAY: Unity” və “SAY: Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb”.