Son yeniləmə: 24 İyul 2024 12:09
Vüqar İskəndərov: Bunun əsas şərtlərindən biri də Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir
BAYRAQDAR MEDİA – “Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Həmçinin 2023-cü ilin sentyabrında antiterror əməliyyatı keçirildi və bununla da Qarabağın erməni işğalına son qoyuldu. Bu da Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi. Bütün bunların fonunda yeni reallıqlar yaranıb və Ermənistanla Azərbaycan arasında əbədi sülh müqaviləsinin imzalanması da bu reallıqların əsas şərtlərindən biridir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, sülh sazişinin imzalanması üçün bir sıra mühüm şərtlər var: “Bu şərtlərdən biri də odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Cənab Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında bu məqama xüsusi olaraq toxunub. Dövlət başçısı bəyan edib ki, “Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”. Göründüyü kimi dövlət başçısı məsələni konkret qoyub”.
V.İskəndərovun sözlərinə görə, indi rəsmi İrəvan, konkret olaraq Nikol Paşinyan hakimiyyəti sülh məsələsində səmimi olduğunu sübut etməlidir: “Bunun da yolu qeyd edildiyi kimi Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsindən keçir. Dövlət başçısının bəyan etdiyi kimi konstitusiyada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsinə dair bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir. Ona görə biz o vəziyyətdə olmaq istəmirik ki, bir gün onlar yenə də öz fikirlərini dəyişəcəklər və biz sentyabrda atdığımız addımları təkrar etməyə məcbur qalacağıq. Bir sözlə, indi söz rəsmi Yerevanındır. Paşinyan və komandası revanşistlər kimi düşünmədiyini sübut etməlidir”.