BAYRAQDAR MEDİA – İyulun 26-sı saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, “Neptun” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər”.
Bildirək ki, Nazirlik aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırıb.
Qeyd edək ki, aksiya “Neptun” supermarketlər şəbəkəsinin “Həzi Aslanov” m/s yaxınlığı, Rəsul Rza küç., 29/42 ünvanında yerləşən filialında təşkil olunacaq.