Son yeniləmə: 23 İyul 2024 10:47
BAYRAQDAR MEDİA – İyulun 22-də elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi (ETN), eləcə də nazirliyin müxtəlif strukturlarında əmək fəaliyyətinə başlayan “Maarifçi” proqramının məzunları ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “E.Əmrullayev işə qəbul olunan proqram məzunlarını təbrik edib və onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Nazir təcrübə müddətində öyrəndikləri bilik və bacarıqların onların karyera hədəflərində mühüm rol oynayacağını bildirib. Daha sonra E.Əmrullayev peşəkar iş həyatının reallıqları, müasir əmək bazarının rəqabətqabiliyyətliliyi barədə danışıb, gənclərə gələcək fəaliyyətlərinin səmərəli təşkili ilə bağlı tövsiyələrini verib. Sonda isə əmək fəaliyyətinə başlayan 9 “Maarifçi” ilə bağlı təqdimat nümayiş olunub”.
Qeyd edək ki, ETN, eləcə də qurumlarında təcrübə imkanları yaradan və 3 ay davam edən “Maarifçi” proqramını 24 nəfər müvəffəqiyyətlə bitirib. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərmək olub.